Gözəgəlimli xanımlar “CBC Sport”-un nəyinə lazımdır?

“Bismillah olmamış əlhəmdilullah” (El məsəli)

Cari mövsümdə Premyer-liqa oyunlarını, həmçinin müxtəlif yaş qrupu üzrə milli komandaların matçlarını da ekrana daşıyan CBC-nin “CBC Sport” adlı qolu yarandı. Öncədən onu vurğulayaq ki, yeni yaranmış telekanal müstəqil fəaliyyət göstərəcək. Yəni bunun CBC-yə isti-soyuğu yoxdur. Bu yöndə yetərincə maraqlı bilgi əldə etmişik. Rövnəq Abdullayevin nəzarətində olan telekanal, deyilənə görə, AFFA-nın baş katibi Elxan Məmmədova tapışırılıb. Yəni kadrların işə götürülməsinə, kanalın siyasətinin mü-əyyənləşməsinə baş katib nəzarət edəcək. Onun razılığı olmadan heç bir sənədə imza atıla bilməz. İşçilər göz önündə olsun deyə, AFFA-nın inzibati binasında şərhçilərə otaq ayrıldığı da deyilir.

Məsələyə münasibət öyrənmək üçün öncə qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. AFFA rəsmisi deyilənləri yaxına buraxmadı: “Əvvəla onu qeyd edim ki, “CBC Sport” müstəqil qurumdu. Onun AFFA ilə bağlılığı yoxdu. Sadəcə, aramızda müqavilə var. Telekanala Elxan Məmmədovun rəhbərlik etməsi, görülən işlərə nəzarəti ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Heç şərhçilərin AFFA-nın inzibati binasında oturmasının, onlara ayrı-ca otaq ayrılmasının da məntiqi əsası yoxdu. “CBC Sport”un studiyası olacaq. Onlar üçün ayrıca bina inşa olunur. Sağlıq olsun, oktyabrda istifadəyə verilməlidi. Mənə inanmırsızsa, telekanalın əməkdaşlarından soruşa bilərsiz. Onlar sizə daha ətraflı məlumat verər”.

Belə də etdik. Premyer-liqa görüşlərinin yayın hüququna yiyələnən telekanalın aparıcısı Şəmsəddin Abbasovu arayıb detallara varmaq qərarına gəldik: “Kanalın direktoru İlham Rüstəmovdur. Görülən işlərə birbaşa bu şəxs nəzarət edir. Həmçinin əməkdaş-ların işə cəlb olunmasına da. “Feysbuk” səhifəmizdə onunla bağlı ətraflı bilgiyə sahib ola bilərsiz. Elxan Məmmədovla bağlı deyilənlər həqiqətə uyğun deyil. Bəli, AFFA-nın binasına gedib-gəlirik. Bu da çempionat və millinin oyunları ilə bağlıdı. Bildiyiniz kimi, assosiasiya ilə müqaviləmiz var. Belədə inzibati binaya baş çəkməyi-miz normaldı. Məsləhətlər alırıq, nəyisə müzakirə edirik.

Ancaq AFFA-da bizə otaq ayrılması haqda xəbər doğru deyil. Hazırda yeni binanın, belə deyim, studiyanın ti-kintisi davam edir. Ən yaxın zamanda işlər yekunlaşacaq. Okyabrda artıq kanala məxsus binada fəaliyyət göstərəcəyik. Olimpiya stadionunun ərazisində olacaq. İndi də bəzən ora, bəzən AFFA-ya baş çəkirik. Assosiasiyanın tabeliyində olmağımız yalan söhbətdir”.

Şəmsəddin bəy “feysbuk”dakı şəxsi profilində paylaşdığı statusla da diqqətimizi çəkdi. Əslində “CBC Sport”a işçi axtarışıyla bağlı elandır, qeyri-adi heç nə yoxdur. Sadəcə, statusda qeyd olunan bir söz kənardan heç də xoş görünmür: “Dostlar, biz hələ də qadın aparıcı axtarışındayıq. Gözəl və SEKSUAL, amma əxlaqlı və namuslu. Unutmayın ki, sonuncu məqam əsasdır. Namizəd xanımlar ana dilimizdə mükəmməl danışmalı və yazmaladır”.

Bu söz Avropada normal qəbul olunur, tez-tez dilə gətirilən termindir. Amma razılaşaq ki, bizdə etik çərçivəyə sağmayan sözdür. Məsələn, ailə üzvləri, yaxınların yanında seks, ya da seksual ifadəsini işlətsən, sərt reaksiya ilə üzləşə bilərsən. Elə ictimai nəqliyyatda, xeyir-şər məclislərində də. Başqa bir məqam gələcəkdə hansısa xanım işə götürüləcəyi halda, onun haqda formalaşacaq fikirdir. Yaxınları, onu tanıyanlar asanlıqla “seksual xanım” deyə müraciət edə bilər. Adama deyərlər ki, sekual deyildinsə, səni nə əcəb işə cəlb etdilər? Qısası, Abbasovla söhbətdə bu məsələyə də aydınlıq gətirməyi xahiş etdik:

“Mən burda qeyri-adi heç nə görmürəm. Seksual sözünün mənası cəlbedici, xoş görünüşlü, diqqətçəkən deməkdir. Bu ifadənin pozğunluqla, yüngül əxlaqla əlaqəsi yoxdur. Sadəcə, üç-dörd sözü bir sözdə birləşdirmişik. Elanın sonunda əxlaq və namusun önəmli məqam olduğunu da vurğulamışıq. Elə bir xanım axtarırıq ki, hər kəsin diqqətini çəkə bilsin. Görünüşü, səsi və aparıcılığı ilə. Həm kişilərin, həm də qadınların. Məsələn, “Sky Sports”un almaniyalı müxbiri Keti Ardo bir neçə il öncə ölkəsində ən seksual xanım aparıcı nominasiyasında qalib olmuşdu.

Yəni görünüş və danışıq qabiliyyəti nəzərdə tutulur, başqa heç nə. “Futbol+”də, yaxud başqa orqanda elanımız normal qarşılanmaya bilər, təbii haldır. Hamının fikri, məsələyə baxışı eyni ola bilməz ki. Bizim də öz düşüncəmiz, öz siyasətimiz var. Namizədləri gözdən keçiririk. Elə bir xanım olmalıdır ki, biz istəyən keyfiyyətlərə sahib olmaqla yanaşı, tərbiyəsi də yerində olsun” (“Futbol+”).

CBC

Həmin kateqoriyadan