Elmar Baxşıyev: “Keyfiyyət sözünü dedi”

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Qəbələ” matçından (3:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

“Kubok qarşılaşmaları iki oyundan ibarətdir. Rəqibin “Qarabağ” olduğunu bilirdik. Bu komandanın səviyyəsi hamıya məlumdur. Bizim də matça uyğun hazırlığımız var idi. Əzmkarlıq hesabına rəqibə müqavimət göstərmək istəyirdik. Bu, müəyyən qədər alındı, amma sonda keyfiyyət sözünü dedi. Ümumi götürəndə rəqiblər arasında fərq böyükdür.

Futbolçularımızın mübarizliyindən və göstərdiyi oyuna görə şadam. İnanıram ki, daha yaxşı oynaya biləcək komandamız var. Sərəncamımızda olan bütün futbolçulardan istifadə edirik. Bu gün meydana ən optimal heyət çıxdı. Buraxılan qollarda problem sırf müdafiəçilərə görə deyil. Bütün komanda müdafiə olunmağı bacarmalıdır.

Səhvi müdafiəçilərdə görmürəm. Oyuna öz prizmamızdan hazırlaşırıq. Unutmamalıyıq ki, qarşımızda “Qarabağ”dır. Rəqib imkan verdiyi qədər oynamaq mümkündür. Şans həmişə var. Cavab oyununa motivasiyasız çıxmayacağıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, şansdan istifadə edək”.

Həmin kateqoriyadan