LAYİHƏ
İdman jurnalistikasında qadın sözü

Ümumi ide­al­la­rı ­bə­şə­ri ma­hiy­yə­ti ilə mü­tə­rəq­qi dü­şün­cə tər­zi­nin, tə­fək­kü­rü­nün, elə­cə də mil­li-mə­də­ni, so­si­al-ic­ti­mai ba­xış­la­rı bir­ləş­di­mək üçün öz cəmiyyətində qadınların da yeri olub. Tarixdən bu mələkətin xanım hömkdarların, şairələrin və siyasətçilərin yetişdirdiyini bilirik. Əhəməni dövlətinə baş əyməyən Tomiris, İsgəndər Zülqərneyn pişvazına qadın dəstə ilə gedən Nüşabə ağıl-kamalı ilə böyük sərkərdəni yerlərində otuzdurub. İndi alimlər təsdiq edirlər ki, amazonkaların vətəni məhz Azərbaycan olub. Ağqoyunlu (ağhunlu) Uzun Həsənin anası Sara xatun Odlar yurdunun ilk diplomatik qadını sayılır.  Onun Osmanlı sultanı 2-ci Məhməd Fatehlə uğurlu danışığı sayəsində Trabzonu tutmuş türklərlə bu taxta şəriklik hüququ alıb.
12-ci əsrdə Azərbaycanda yaşamış Məhsəti Gəncəvi ilk qadın şahmatçı, musiqiçi və bəstəkarı sayılır. Belə olan alda, təbii ki, müasir idman mətbuatında qadın sözü olmalıdır. Sovet dönəmində bu istiqamətdə iş zəif inkişaf etsə də, müstəqilliyimizdə xanımlarımız fəallaşıblar. İdman mətbuatının ən qocaman qəzeti «İdman» olduğundan, sözsüz, ilk də ona aid olmalıdır. Azərbaycanın 1-ci qadın idman jurnalisti Şövkət Orduxanovun həyat yoldaşı Xədicə xanım olub. İdman yazarı doğma qəzeti barədə xatirəsi belədir:

«Bu gün öyünərək deyə bilərəm ki, «Azərbaycan bədən tərbiyəçisi»nə gəlmiş zərif cinsin ilk nümayəndəsiyəm. O vaxtlar, altmışıncı illərin ortalarında və axırlarında biz idmanın hər hansı növündə birinciləri axtarıb tapmağa çalışırdıq. Əlbəttə, heç ağlıma da gəlməzdi ki, günlərin bir günü mən də bu cərgəyə daxil olacağam.
İndi respublikanın iri qəzetlərindən birinə çevrilən «İdman» mənim üçün, əslində, təkcə mənim üçün yox, bu gün nüfuzlu ali məktəblərin tələbələri olan övladlarım üçün də, ürəkaçandır.
Arzum jurnalist olmaq idi. Bu peşədən o qədər baş çıxarmasam da, günlərin bir günü axşamçağı füsunkar – patriarxal cənub şəhərində telefon zəngi eşitdim. Bu zəng məni yola çıxmağa, gələcəyə səslədi.
«Azərbaycan bədən tərbiyəçisi» qəzetində boş yer var idi. Mmirpaşa Miriyev və daha tələbkar olan Aqşin Kazımzadə, qısa yoxlamadan sonra, məni öz kollektivlərinə qəbul etdilər. Arzum həyata keçdi. Jurnalistika romantikası idman romantikası ilə qaynayıb qarışdı. Özümü necə də xoşbəxt sanırdım…»

Müstəqil idman mətbuatımızın ilk xanım yazarı Vəfa Şairova olub. O, uzun müddət «Futbol+» qəzetində çalışıb, elə ilk addımını da burda atıb. 2007-ci ildə Mahir Rüstəmlinin baş redaktoru olduğu nəşrdə işləyirdim, olimpiya idman növlərindən yazırdım. Vəfanı da yaxından orda tanımışam. Özü də idmançı idi, taekvondo ilə məşğul olurdu. Yaxşı xatırlayıram, həmin il böyüklər arasında ölkə çempionatında 3-cü yer tutdu. O dövrdə ölkə içi üzrə şöbə müdiri Vüsal Mahmudov hərbi xidmətə yollandığından, bir il həmin vəzifəni Rəşad Ərgün daşıdı. Vəfanı tez-tez onun otağında yanında əyləşən görürdüm. Arada zarafatlaşırdılar da. Sonradan eşitdim ki, bu iki həmkarım ailə qurub. Nə gözəl! Bu xanım həmkarımdan sonra onun yeri boş qalmadı. Bir müddət Kəmalə İsmayilova idman mətbuatında göründü
Daha sonra idman tədbirlərində başqa xanım qəzetəçiyə rast gəldim. Bu, «Olimpiya dünyası»ndan Aysel Sultanovanı idi. Onun idmançı kimi qazandığı uğurlar jurnalistikada əldə etdiyi nailiyyətlərdən heç də az deyil. Taekvondo üzrə ölkə çempionatının bürünc mükafatçısı, 3-cü dan qara kəmər sahibi, respublika dərəcəli hakim, idman dırmanması üzrə ölkə çempionu, bu növ üzrə müxtəlif turnirlərin qalib və mükafatçısı olan əməkdaşımız bugünlərdə Gənclər və İdman Nazirliyi tərəfindən «İlin ən yaxşı idman jurnalisti» adına layiq görülüb.

Aysel idman jurnalistikasına gəlişini belə xatırlayır: «İdmana uşaq yaşlarından maraq göstərmişəm. Məktəb illərində atletikanın uzun məsafələrə qaçış növü ilə məşğul olmuşam. Döyüş növlərinə hədsiz maraq göstərdiyimdən taekvondo ilə peşəkar şəkildə məşğul olmağa başladım. Bu növ üzrə respublika səviyyəli yarışlarda nəticələrim var. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olundum. Universitetdə oxuduğum illərdə «Olimpiya dünyası» qəzetində idman jurnalisti kimi fəaliyyət göstərməyə başladım. Artıq 10 ildir ki, bu qəzetdə çalışıram. Onu da qeyd edim ki, 2 ildir ki, idman dırmanması ilə məşğul oluram. Bu növ üzrə ölkə çempionu adını qazanmışam. İdman və idman jurnalistikası bir-biri ilə sıx bağlıdır. İdman jurnalisti həm də idmançıdırsa, o, yazdığı idman növlərini, şübhəsiz ki, daha yaxından tanıyacaq. Dünyada da bu cür təcrübələr kifayət qədərdir. Bir çox məşhur idman telekanallarının və qəzetlərinin müxbirləri məhz keçmiş idmançılardırlar. Fəaliyyətə başladığı dövrdən «Olimpiya dünyası» qəzeti bu məqama xüsusi diqqət yetirib. Burada idmana yaxın, bu sahəyə ürəkdən bağlı insanlar çalışırlar.

İdmançı-jurnalist kimi təcrübəmə əsaslanıb deyə bilərəm ki, yaxşı idman jurnalisti olmaq peşəkar idmançı olmaq qədər çətindir. Hər hansı bir sahədə əldə olunan uğurların, baş verən hadisələrin ictimaiyyətə çatdırılmasında jurnalistlərin böyük zəhməti var. Jurnalistlər öz qələmi ilə, idmançılar isə alınlarının təri ilə uğur qazanırlar. Hər iki sahədə ən yüksək zirvəni fəth etmək üçün mütləq özünə güvənməlisən».
Vəfa Şairova kimi, sözü gedən xanım həmkarım da ailə qurandan sonra mediadan kənarlaşıb. Onu son zamanlar özünü dağa dırmanma idman növündə sınadığını görürəm. Burda uğurlarının olduğunu da eşitmişəm. Aysel Sultanova bir müddət çalışdığı qəzetdə Esmira Orucova müşayiət edirdi. O da tədbirlərdə fəal idi.
Hazırda «İdman»da Aynurə Pənahqızı, Azərtac.az-da Samirə Allahverdiyeva, goal.az-da Zeynəb Əliyeva və «Olimpiya dünyası»nda Səadət Hakıyeva aktiv idman jurnalistikası ilə məşğuldular. Adı 2-ci çəkilən yazarın bu sahədə iş təcrübəsi daha çoxdur. O, həmçinin mərhum şahmatçımız Vüqar Həşimovun bacısıdır. Onun həyat yoldaşı Anarla bu növdə eyni nəslin nümayəndəsiyik. Amma Allahverdiyev məndən yetərincə güclü və titullu idi. Ümid edirəm ki, yaxın gələcəkdə xanım həmkarlarımın sayı daha artacaq və onlar idman mətbuatında mütərəqqi yer tutacaqlar.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 

Həmin kateqoriyadan