“Kəpəz”ə texniki məğlubiyyət verildi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 24-cü turunun, eləcə də 1-ci divizionun 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 24-cü turunun “Qarabağ” – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

1-ci divizionun 17-ci turunun “Zirə” – “Kəpəz” matçında “Kəpəz”in heyətində Ramil Həşimzadə adlı oyunçu turu buraxmalı olduğu halda oyunda iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni zamanda klub 500 manat cərimə olunub.

“Neftçala” – “Turan-Tovuz” matçının 34-cü dəqiqəsində “Neftçala”nın futbolçusu Fərmayıl Əliyev qolu vurduqdan sonra təhqiredici jest etməsinə görə 3 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Ağsu” – “Qaradağ Lökbatan” matçının 76-cı dəqiqəsində “Qaradağ Lökbatan”nın məşqçisi Araz Əliyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində “Ağsu”nun futbolçusu Ruslan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Mil-Muğan” – “Şəmkir” matçının 21-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Bayram Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

Həmin kateqoriyadan