Mərkəzi arenaya direktor əvəzi təyin olundu

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Akif İsmayılov səhhəti ilə əlaqədar istefa vermişdi. Allsport.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azərtaca-a bildiriblər ki, Şamil Quliyev stadiona direktor əvəzi təyin olunub.

Respublika Stadionunun rəsmi açılışı 1951-ci il oktyabrın 16-da olub. Tikintisinə 1939-cu ildə başlanılsa da, Böyük Vətən müharibəsi ilə əlaqədar stadionun inşası yarımçıq qalıb. Tikinti işləri yalnız müharibədən sonra davam etdirilib və 12 illik fasilədən sonra idman azarkeşlərinin ixtiyarına verilib. Almaniyalı hərbi əsirlər tərəfindən tikilən stadion “C” hərfi formasında inşa edilib.

Kommunist Partiyasının XX qurultayından sonra stadion Leninin adını daşıyıb. 1990-cı ildən – dünya şöhrətli futbol hakimi Tofiq Bəhramov dünyasını dəyişəndən sonra stadion onun adını daşımağa başlayıb. 2012-ci il avqustun 16-da Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri Koreya Respublikasının “Samhwa Telecom” şirkəti tərəfindən həyata keçirilib. Təmirdən sonra oturacaqlarının sayı 29 min 870-dən 31 min 200-ə çatdırılan stadionun ot örtüklü futbol meydançası FIFA standartlarına tam uyğun şəkildə yenidən qurulub.

Stadion 2012-ci ildə futbol üzrə qızlar arasında dünya çempionatına, “Bakı-2015” ilk Avropa Oyunlarının kamandan oxatma yarışlarına, həmçinin avrokubok turnirlərində klublarımızın və milli komandamızın ev oyunlarına ev sahibliyi edib.

Həmin kateqoriyadan