Nazirlik ilin ən yaxşılarını mükafatlandırdı

Dekabrın 24-də Gənclər və İdman Nazirliyi yola saldığımız ildə fərqlənən idmançılara, məşqçilərə və komandalara mükafatlar təqdim edib. Allsport.az xəbər verir ki, Azərbaycanın dövlət himni səsləndirildikdən sonra cari ildə ölkəmizdə keçirilən beynəlxalq turnirlər, idmançılarımızın uğurları barədə videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu söyləyib. Nazir dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini bildirib. Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Azad Rəhimov bu mötəbər idman yarışının standartlarının ölkəmizdə müəyyənləşdiyini diqqətə çatdırıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə əvvəlki illərdə olduğu kimi, 2015-ci ilin də Azərbaycan idmanı üçün mühüm uğurlarla yadda qaldığını qeyd edib. Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığını vurğulayan Ç.Hüseynzadə cari ildə ölkəmizdə mötəbər yarışlarla yanaşı, beynəlxalq idman qurumlarının toplantılarının da yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb. Sonra mükafatlandırma mərasimi olub.

Mərasimdə Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşı federasiyası adına layiq görülüb. Azərbaycan Güləş Federasiyası isə idman yarışlarının yüksək səviyyədə təşkilinə görə mükafatlandırılıb. “Qəbələ” idman klubu ilin ən yaxşı idman təşkilatı, Su İdmanı Sarayı, Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu ilin ən yaxşı idman qurğuları, taekvondo və polo üzrə Azərbaycan milliləri ilin ən yaxşı yığma, “Qarabağ” futbol klubu isə ilin ən yaxşı futbol komandası elan olunub.

İdmançılardan isə birinci Avropa Oyunlarının qalibləri – boks üzrə dünya çempionu Elvin Məmişzadə, qadın güləşi üzrə dünya mükafatçısı Mariya Stadnik, yunan-Roma güləşi üzrə dünya çempionatının qalibi Rəsul Çunayev, idman gimnastikası üzrə dünya çempionatının bürünc mükafatçısı Oleq Stepko, sərbəst güləşdə Bakı-2015-in qalibi Toğrul Əsgərov, taekvondo üzrə dünya çempionu Radik İsayev, karate üzrə dünya birincisi Rafael Ağayev, paralimpiyaçı cüdoçu, dünya çempionu İlham Zəkiyev, ağır atletika üzrə dünya çempionu, dünya rekordçusu Boyanka Kostova, “Bakı-2015”in bürünc mükafatçısı, sərbəst güləş üzrə dünya çempionu Hacı Əliyev mükafatlandırılıblar.

Mərasimdə ilin ən yaxşı məşqçiləri və hakimlərinə də mükafatlar verilib. Həmçinin idman ictimaiyyətinin bir sıra nümayəndələrinə fəxri adlar təqdim edilib. Sonra digər nominasiyalar üzrə də qaliblər mükafatlandırılıb. Tədbir konsert proqramı ilə davam edib.

Həmin kateqoriyadan