- Baxış sayı: 29
- 12 Avqust 2026 14:14
- Baxış sayı: 189
- Avqust 12, 2026
- 0

Don Kixot – ispaniyalı yazıçı Migel de Servantesin dünya ədəbiyyatının ən məşhur nümunələrindən sayılan “Ağıllı zadəgan Don Kixot” əsərinin baş qəhrəmanıdır. O, İspaniyanın kiçik bir şəhəri Lamançda yaşayır və cəngavərlər haqqında əsərləri oxumağı sevir. Elə bunlardan ilhamlanaraq özünü cəngavər hesab edir və dünyanı səyahət etmək, macəra axtarmaq, igidlik göstərmək qərarına gəlir. Alonso Kixano özünə Don Kixot təxəllüsünü seçir, ulu babalarından miras qalan köhnə yaraq-əsləhəni taxır, “Rosinant” adlandırdığı qoca arıq yabıya minir və ilk səfərinə yollanır. Çoxbilmiş kəndli Sanço Pansanı da özünə köməkçi götürür. Bizim “İmişli” futbol klubu da Don Kixota bənzəyir: yeni yaranıb, yüksək dəstədə yola çıxıb, özünü güclü göstərmək üçün “Pələng”i rəmz seçib, evdə oynamaq üçün doğma İmişlini deyil, Odlar yurdunun tarixi paytaxtlarını, iri şəhərləri özünə məkan seçərək fəaliyyətinin kübar olmasını nümayiş etdirir, özünkülərini bəyənmir…
Onların addımları və taleləri də oxşardır – cəhdlər əksər hallarda gülməli və faciə ilə nəticələnir, yaxşılıq etməyə çalışsa da, ətrafındakılara yalnız zərər verir. Əsərin birinci hissəsində qəhrəman 2 sərgüzəştini həyata keçirir: karvansarayın qapısını qəsrlə səhv salır və yel dəyirmanlarını nəhənglər hesab edərək onlarla döyüşə girir. Don Kixot çoban Andresi ağasının zülmündən qurtarmaq istəyir. Amma o getdikdən sonra ağası hirslənib Andresi yarımcan olanadək döyür. Ədaləti naminə məhbusları azadlığa buraxır, əvəzində, katorqaçılar onu məsxərəyə qoyurlar. Cəngavərin özü isə hesab edirdi ki, ona üz verən bütün bədbəxtliklər, insanların onu anlamamasıdır və yalnız igid adamlara qismət olan bir sınaqdır.
İkinci hissədə Don Kixot artıq tanınmış bir şəxsə çevrilir və insanlar onun sərgüzəştlərini eşidərək, onu aldadıb yeni macəralara sürükləyirlər. Lakin bu dəfə o müəyyən məqamlarda gerçəklə üzləşməyə başlayır və nəticədə hekayə daha faciəvi istiqamət alır. Bu bölümdə o şeytan obrazı kimi təqdim edilən biri ilə də qarşılaşır. Onun arxasınca gələn əsgərləri “Allah, Allah” deyə bağırırlar. Görkəmli ispan yazıcısı orta əsrlər kilsəsinin məramını, müharibə dəllallarını, Tanrı adına işlənən cinayətləri üstüörtülü şəkildə tənqid edir, diqqəti onların tökdükləri qana, talana, işğal və cinayətlərə çəkir. Bu isə Allahın əmri deyil, hakimiyyətlərin, kralların, dini rəhbərlərin siyasi maraqları və mənfəətləri üçündür. Servantes əsərdə şeytana xidmət edənlərin dillərindən deyil, əməllərindən tanındığını yazır.

“İmişli” də yaxşı işlər görmək istəyir, amma sonda tənqid atəşinə tuş gəlir. Futbol klubu Ramazanda iftar verdi, amma orda əksər mömin idman yazarları yer almadı. Gözmuncuğu kimi dinində mövqeyi bilinməyən birisi dəvət ala bilərdi, amma onun da birbaşa bu sahəyə aidiyyatı yoxdur. Yaxşı maddiyatı olduğu üçün müxtəlif klublara və idman qurumlarına xidmət edənlər ona “səndən yoxdur” deyib, “yaxşı oğlan” adlandırıb imkanından yararlanırlar.
“İmişli” Qurbanlıqda ət payladı, amma bayram sovqatının iyi İmişlidəkilərin burnuna dəymədi. Futbol təşkilatları arasında KİV-də “ən yaxşı”nı seçdi, böyük narazılıq yaratdı. Halbuki öncələr sözü gedən idman növündə belə hal yaşanmamışdı. Müsabiqənin bir qəribəliyi onda oldu ki, iştirakçıların hamısı axırda qalib seçildilər. Fəqət, münsiflər heyətində İmişlidən olan nə fəxri idman yazarları, nə də 2 idman qurumunun nümayəndəsi yer aldı. AİJ-ni başa düşmək olar, ictimai birlik çoxdan “ölüb”, sadəcə “basdıran” yoxdur. “Nikolay dövrü”ndən sədr oturdulan şəxs qurumun məkanında kino çıxardır, AİJ fərqində deyil. Pis-yaxşı, AİJA-nın idarə heyətindən kimsə olmalıydı. Hər necə olsa, rəsmi nümayəndəlikdir.
“İmişli”nin mövsüm boyu el-oba dolaşması, qalib gəldiyi halda ona şərti məğlubiyyət verilməsi, bacarıqlı yerli məşqçilər ola-ola elə ilk cəhddə yurd dışına üz tutması, mətbuat xidmətinin işlədiyi bu 12 ayda deyişib didişmədiyi futbol jurnalistinin qalmaması bir ayrı həngamədir.

Maraqlıdır, İmişlidən olan idman yazarları və bu rayonun futbol məktəbinin yetirmələri bu barədə nə deyib düşünürlər? Uzun illər “Olimpiya dünyası” qəzetinə baş redaktorluq etmiş, hazırda Milli olimpiya komitəsinin mətbuat xidmətinin rəhbəri Murad Fərzəliyev bildirib ki, onun “İmişli” ilə heç bir əlaqəsi yoxdur, nə də bu məsələdə maraqlıdır. Əməkdar jurnalistin sözünə görə, o, 2-ci dəstədə yer alan “Kür-Araz” futbol klubunun prezidenti Mirheydər Səfiyev ilə əlaqəsi var. Lazım gələrsə, Allsport.az-da həmyerlisi barədə müsahibə təşkil edə bilər. Nəzərinizə çatdırım ki, Murad Fərzəliyev 1963-cü ildə İmişli rayonunda doğulub, Bakı dövlət universitetinin “Jurnalistika” fakültəsini və Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasını fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə Milli Məclisə seçkilərdə İmişlidən namizədliyi irəli sürülüb, öncə qalib elan edilib, sonra müəmmalı şəkildə az fərqlə 2-ci yer tutduğu bildirilib.

AİJA-nın icraiyyə komitəsinin üzvü, Azərbaycan memarlıq və inşaat universitetin idman klubunun direktoru, Olimpsport.az saytının rəhbəri, əslən İmişlidən olan Ramin Allahverdiyevin fikrincə, “İmişli” işini düz qurmayıb: “İmişli futbol məktəbinin yetirməsi, millimizdə, eləcə də Türkiyə və İran superliqalarında çıxış etmiş, UEFA pro lisnziyalı qapıçı-məşqçi Nadir Şükürov hazırda işsizdir. KİV-in işinə qarışan bir klubun xəbəri yoxdur ki, Beynəlxalq idman mətbuatı assosiasiyasının (AİPS) təmsilçisi İmişlidəndir. Onlar bəndənizi dəvət edib yerli camaatla körpü yaratmaq istiqamətində məsləhət almalıdırlar. Belə, buna mənim nə vaxtım var, nə də ehtiyacım. “İmişli”nin yazı müsabiqəsinin təşəbbüskarı bir neçə ay bundan öncə biz olmuşuq. AİJA-nın vitse-prezidenti Natiq Nəsirov birgə təşkilatçılıqla bağlı təklif etmişdi. Sonradan gördük bir az üzərində əl gəzdirib bunu özləri ediblər”.

Keçmiş futbol yazarı, hazırda zəvvar bələdçisi olan Vüsal Bəbirli adları çəkilən digər 2 həmyerlisi kimi mömindir, Əhli Beyt tərəfdarıdır. Sabiq futbolçu kimi o da durumdan razı deyil. Məsələyə peşəkar yanaşaraq fikrini Allsport.az-a belə əsaslandırıb: ““İmişli” ilə belə əlaqəm yoxdur. Sadəcə, orada çalışan Aqşinlə İlkin dostlarımdır. İmişli camaatı futbolu çox sevir. Doğma klubun uğur qazanması üçün futbolla yaşayan, nəfəs alan kifayət qədər azarkeş ordusu var. Hazırkı “İmişli”nin ən ciddi problemi doğma publika önündə oynamamasıdır. Rayonunun mərkəzində böyük bir stadion var, amma sən ev oyunlarını Qubada oynayırsansa, demək, struktur təməldən qurulmayıb. Düzdür, burada hər şey klub rəhbərliyindən də asılı deyil. Bildiyim qədər, onların da bunu həll edə bilmədiyi məqamlar var, yəni çarə əllərində deyil. Amma bu da bəhanə olmamalıdır. Sən kluba sahiblik edirsənsə və milyonları xərcləməyə hazırsansa, ilk növbədə stadion məsələsini həll etməlisən. Bu yöndə olan bütün problemləri aradan qaldırıb, sonra komanda qurulmalıdır.
İmişlinin doğma publika önündə oynaması onları istənilən rəqib qarşısında güclü edəcək. Çünki azarkeş faktoru burada çox ciddi amilə çevriləcək. Stadion hazır vəziyyətdə olsa, hər oyuna 5-10 min azarkeş gələcək ki, bu da rəqib üzərində təzyiq yaradacaq. Bu amil yalnız “Qarabağ”la oyuna təsir edə bilməz, qalan istənilən rəqib azarkeş basqısını hiss edəcək. Çünki “Qarabağ” Avropada böyük arenalarda oynayır və belə hallara vərdişdir. Vaxtilə “MKT-Araz”ın oyunları elə buna nümunə ola bilər. İnsanlar doğma komandaya dəstək olmaq üçün rayona uzaq kəndlərdən belə stadiona gəlirdilər.
Stadionu həll edə bilsələr, növbəti addım infrastruktur olmalıdır. Təəssüf ki, bu da ümumi problemdir. “İmişli” – Mərkəzi Aranı təmsil edir və ətrafda premyer liqa klubu yoxdur. İnfrastruktur təkmilləşsə, “İmişli” təkcə İmişlinin yox, Saatlının, Sabirabadın, Biləsuvarın, Beyləqanın, Kürdəmirin də klubu ola bilər.
O mənada ki, akademiya yaradılıb və bu rayonlardan istedadlı azyaşlıları ora cəlb etmək çox asan olar. Medallara heç bir iddiası olmayan komanda xaricdən nə üçün məşqçi gətirməlidir? Azərbaycanda istənilən məşqçi son premyer liqada “İmişli”nin nəticələrini, bəlkə də ondan daha yaxşısını qazanmağa qadirdir. Bu mərhələ ən doğru addım yerli məşqçiyə güvənməkdir. Sən medallara iddialı olduqdan sonra, buna nail olmasan xaricdən sanballı məşqçi dəvət edə bilərsən”.

İmişli futbol məktəbinin yetirməsi, “MKT-Araz”ın 2-ci komandasında Səlahət Ağayev, Ruhid Usubovla çiyin-çiyinə oynamış istedadlı sol cinah müdafiəçisi Anar Hacıyevin də (şəkildə arxada) “İmişli” ilə bağı yoxdur. O, ana tərəfdən sözü gedən rayondandır, yerli şair Kamal Faiqin nəvəsidir. Xeyli müddətdir ayrı sahədə çalışır. Onun sözünə görə, futbolda mənzərə dəyişməyib: “Mən klub haqqında bir şey bilmirəm, yəni maraqlı olmayıb. Ölkədə Heydər Əliyevin adını daşıyan yeganə stadion var – o da İmişlidədir. Amma uzun müddətdir orada futbol oynamırlar, futbol qurğusu baxımsız qalıb. Bir idmanın içində pul dövriyyə edir, o futbol deyil. Ara-sıra oyun alqı-satqısı eşidirik. Belə hallar ürəkaçan deyil”.
Y.S. Don Kixotun arzuları gülüş hədəfi olur. Hətta Sanço Pansa belə onu aldatmağa məcbur olur. Roman Don Kixotun xülyalarından ayrılması ilə başa çatır. O, məyusluqla cəngavərlikdən əl çəkir və öz adi həyatına qayıdır. Keçmiş silahdaşı onu təsəlli etmək istəyərək tezliklə yenidən cəngavərlik macəralarına çıxacaqlarını söylədikdə, ölüm ayağında olan Don Kixot belə cavab verir: “Xeyr, bütün bunlar həmişəlik keçib gedib və mən hamıdan bağışlanma diləyirəm”.
Y.S.Y. Söz vaxtına çəkər: 2009-cü ilin yayı idi. Azərbaycan güləş federasiyasında çalışırdım. Bölgələr üzrə vitse-prezident Cavanşir Qurbanovla rayon və şəhərlərdə olan idman qurğuları ilə tanış olurduq. Yolumuz İmişliyə də düşdü. Girəcəkdə bir lövhədə şüar onun diqqətini cəlb etmişdi: “Ey imişlili, sən İmişli üçün nə etmisən?” O, ədəbiyyat-incəsənət vurğunu idi; yaradıcılığı, şeirləri, müdrik kəlamları və öz millətini çox sevirdi. İş elə gətirdi rayon icra hakimiyyətinin o vaxtkı başçısı Əbülfəz Ağayevlə də görüşdük. Onun otağında söhbət zamanı rəhmətlik Cavanşir müəllim ilk olaraq bu məsələyə toxundu. Bildirdi ki, həmin şüar çox təqdirəlayiqdir, təsiredicidir, insanı bir anlığa saxlayıb düşünməyə vadar edir və yaxşı olar ki, hər rayonda bu lövhədən qoyulsun, imkanlı şəxslər yerliləri üçün yaddaqalan nələrsə etsinlər. Böyüklərə xitabən indi mən soruşmaq isətəyirəm: Ey “İmişli”, sən İmişli üçün nə etmisən?
Kamran HACI