- Baxış sayı: 104
- 26 İyul 2026 10:00
- Baxış sayı: 58
- İyul 29, 2026
- 0

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair materiallar yaymaqda, SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə ittiham edilən forvard.az saytının əməkdaşı Abdulla İbrahimli, eləcə də onun əqidə yoldaşları İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə yekunlaşıb. Allsport.az saytı xəbər verir ki, martın 16-dan Nizami rayon məhkəməsində gedən prosesdə hökm oxunub: İbrahim Əsədli və Abdulla İbrahim 2 il, Elçin Bayramlı ilə Mehman Zeynalov 1,5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ötən ilin noyabrın 26-sında KİV-də kommunist fəalların polis tərəfindən saxlanıldığı xəbəri yayılmışdı. Onların Bakıda SSRİ bayrağı ilə yürüş keçirdikləri, “başqa bir dövlətin dəstəyi və maliyyəsi hesabına” qərargah icarəyə götürdükləri və ora reyd zamanı “kommunist ideologiyasının təbliğinə dair materialların” götürüldüyü bildirilmişdi.
Onların iştirak etdiyi yürüş isə keçən ilin noyabrın 7-sində Böyük Sosialist İnqilabının 108-ci ildönümündə baş tutub və yürüşdən video da sosial şəbəkələrdə məhz həmin gün paylaşılmışdı.
Fəallar cinayət məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) üzrə ittiham olunurdular.
İttiham aktında iddia edilirdi ki, sözü gedən şəxslər ötən ilin noyabrında paytaxtın Nizami rayonunda Zəhmətkeşlər bağında keçmiş SSRİ və Azərbaycan SSR bayraqları ilə ilə yürüş keçirməklə ictimai qaydanı pozublar və polisə müqavimət göstəriblər.
Daxili işlər nazirliyi tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalov müəyyən olunaraq saxlanmış, məhkəmənin qərarı ilə onların barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.