- Baxış sayı: 104
- 11 Avqust 2026 13:19
- Baxış sayı: 135
- Avqust 10, 2026
- 0

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova karyerasını başa vuracağı tarixi açıqlayıb.
Allsport.az xəbər verir ki, 36 yaşlı hücumçu Bakıda keçiriləcək AVRO-2026-nın qrup mərhələsinin matçlarından sonra yığma ilə vidalaşacağını söyləyib:
“Evdə karyerama yekun vurmaq böyük fürsətdir. Milli komandaya kömək etmək üçün gəlmişəm və eyni zamanda voleyboldan sonrakı həyata hazırlaşıram. Karyeramı başa vurduqdan sonra yığmada baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərmək istəyirəm. Bu arzum reallaşmasa, ailə qurub ana olmağı planlaşdırıram.
Yenidən milli komandaya qayıtdığım və ölkəmizin bayrağını qoruduğum üçün necə qürurlu və xoşbəxt olduğumu sözlə ifadə edə bilmirəm. Artıq ikinci dəfədir ki, öz evimizdə oynayacağıq. Digər ölkələri qəbul etmək, Azərbaycanı dünyaya tanıtmaq və ölkəmizin səfiri olmaq böyük şərəfdir”.
Rəhimova Azərbaycan millisinin son durumundan da danışıb:
“Komandamız dəyişib. Artıq heyətdə köhnə, təcrübəli oyunçular yoxdur. Yeni nəsil formalaşır və əvəzetmə imkanlarımız o qədər də çox deyil. Bu, böyük sınaq olacaq, lakin turnirə müsbət yanaşıram. Hazırda əsas məqsədimiz qrup mərhələsini keçməkdir. Böyük vədlər vermək istəmirəm, çünki reallığı görürəm və inkişaf etdirilməli çox məqam var. Biz, sadəcə, əlimizdən gələnin ən yaxşısını etməliyik. Azarkeşlərin dəstəyi bizə kömək edəcək”.
Polina Azərbaycan millisi ilə 2005 və 2017-ci illərdə Avropa çempionatında 4-cü yeri tutub.
O, AVRO-2017-də 151 xalla turnirin ən məhsuldar voleybolçusu olub.
İdmançı 2015-ci ildə Yaponiya çempionatı matçında 58 xal toplayaraq bir oyunda ən çox xal toplamaq üzrə dünya rekorduna imza atıb.
Avqustun 21-dən 28-dək keçiriləcək “C” qrupunun oyunlarında Azərbaycan Belçika, Niderland, Portuqaliya, Rumıniya və İspaniya seçmələri ilə qarşılaşacaq.