“Diqqətimi çəkən, hakimin inamlı qərarlar verməsidir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov premyer liqanın 15-ci turunda “Neftçi”yə uduzduqları oyundan sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Samir Abbasovu təbrik edirəm, çox vacib və lazım olan qalibiyyət əldə etdilər. Oyundan çox danışmağa ehtiyac yoxdur. Oyundansa, digər məqamlar daha maraqlı idi. Futbolçularımdan narazı qaldım. Çünki ikinci hissədə bizim qırmızı vərəqə almağımızı gözləyirdim. Bunun üzərində çox dayandım. Əfsuslar olsun ki, bu da oldu. Qırmızı vərəqədən sonra oyun nizam-intizamı pozuldu.

“Neftçi”nin qırmızı vərəqə almasına qədər komandadan daha razı idim, nəinki sonra. Bəzən həqiqətən düşünmədiyimiz epizodlar olur. Oyunun gedişatında tam istədiyimizi etmək çətin olur. Düşünürəm ki, bu oyun Azərbaycan futbolunun tarixinə düşdü. Düzünü deyim, hakim də inamlı qərarlar verdi. Bəzən hakim vərəqə verəndən sonra ona təzyiqlər çox olur və özünü itirir.

“Neftçi” 9 nəfər qalanda da qırmızı vərəqə oldu və hakim də verdi. Diqqətimi çəkən, hakimin inamlı qərarlar verməsidir. Və bundan razı qaldım. Bir neçə gün əvvəl Hakimlər Komitəsindən gəlmişdilər və belə epizodları göstərmişdilər. Bu gün də göstərilənlər hamısı oldu. Hələ qarşıda daha maraqlı oyunlar olacaq. Tez bir zamanda komandanı yaxşı hazırlayıb, digər oyunlara çıxmalıyıq. Kubok matçında da bəzi futbolçularda xırda zədələr olmuşdu. Hər iki komandaya uğurlar arzulayıram”.

Həmin kateqoriyadan