“Sport & Business” nəşri Azərbaycan futbolundan yazıb

Avstriyanın idman sahəsində mühüm nəşrlərindən biri olan “Sport & Business” jurnalında Azərbaycan Dövlət Neft Şirkətinin ölkəmizdə və ümumilikdə regionda idmana verdiyi töhfələrdən bəhs edən məqalə yayımlanıb. Allsport.az saytı xəbər verir ki, “Top Qafqazda dığırlanır” sərlövhəli məqalədə SOCAR-ın Azərbaycanın adının Avropanın futbol xəritəsinə həkk etdiyi qeyd olunur.

SOCAR-ın Avstriyadakı nümayəndəliyindən bildiriblər ki, məqalədə UEFA prezidenti Mişel Platini tərəfindən Azərbaycanda idman sahəsinə, xüsusilə futbolun inkişafına göstərilən dəstəyin yüksək qiymətləndirilməsi, həmçinin onun dəfələrlə bu ölkəyə səfər etməsi, müxtəlif idman komplekslərinin açılışında şəxsən iştirakı qeyd edilib. Prezident İlham Əliyevin 2005-2015-ci illərdə idman infrastrukturu, yeniyetmələr və qadın futbolunun inkişafını hədəf alan Sərəncamı da məqalədə xatırlanıb.

Azərtac-in məlumatına görə, məqalədə 2016-cı ildə Fransada təşkil olunacaq futbol üzrə Avropa Çempionatının yeddi rəsmi sponsorundan birinin də ARDNŞ olduğu, bu sponsorluq paketinin “UEFA-2016”nın bütün seçmə mərhələsi, Rusiyada keçiriləcək “FİFA-2018”in Avropa üzrə seçmə mərhələsi və Azərbaycanda təşkil olunacaq “U17-2016” Avropa çempionatını da əhatə edəcəyi diqqətə çatdırılıb.

Nəşrdə, SOCAR-ın idman və mədəniyyətin təbliğinə xüsusi diqqət ayırması vurğulanır və Azərbaycanın ev sahibi olduğu 2015-ci ildə ilk Avropa Oyunları, eyni zamanda, ölkəmizdə təşkil ediləcək 2016-cı ildə “Formula-1” qran-pri yarışı, “U-17” Avropa Çempionatı kimi böyük tədbirlər sadalanır.

Yazıda, SOCAR-ın Avstriyadakı nümayəndəliyinin başçısı Gülmirzə Cavadovun fikirləri də öz əksini tapıb. O, SOCAR-ın gələcəkdə də bütün sahələr üzrə, xüsusilə xalqlar arasında qarşılıqlı anlaşmanı inkişaf etdirmək üçün mədəniyyət və idman sahəsində fəaliyyətini davam etdirəcəyini bildirib. G.Cavadov Azərbaycan və Avstriya arasında münasibətlərin son 15 ildə tamamilə yeni bir mərhələyə yüksəldiyini qeyd edərək, bu istiqamətdə çox mühüm və konkret addımların atıldığını diqqətə çatdırıb.

Həmin kateqoriyadan