VİDEO
Təbrizin “qurdlar dərəsi”ndə “Qarabağ bizimdir” şüarı və Xocalı soyqırımı plakatı

İran premyer-liqasında 20-ci turunda Təbrizdə keçirilən “Traktorsazi” – “Sepahan” oyununda Arazın o tayındakı türk millətçilərinin rejimə etiraz meydanına çevrilib. Allsport.az saytı xəbər verir ki, adətən hər ev görüşündə Azərbaycan və Türkiyə ilə bağlı şüarlar səsləndirən güneyli soydaşlarımız, bu dəfə Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda erməni diasporunun nümayəndələri ilə görüşü zamanı “Qarabağ Ermənistanındır” şüarının səslənməsinə qarşı çıxıblar.

Ən böyük narazılıqlar paytaxt Təbrizdə yaşanıb. İlk hədəf şəhərdə ermənilərinin “Ararat” klubunun ofisi olub. Ötən gün səhər Təbriz sakinləri ofisin divarlarında “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” şüarının yazıldığının şahidi olublar. Şüar fars əlifbasında deyil, latın qrafikalı Azərbaycan əlifbasında yazılıb. İran tərəfi Ermənistan əleyhinə etirazları önləmək üçün Təbriz müsəllası önündə ölkənin ali dini lideri Seyid Əli Xamneyinin “Qarabağ İslam torpağıdır” şüarı asılıb. Hətta narazılıqların böyüməməsi üçün Təbrizdə fəaliyyət göstərən və hakim rejimə yaxınlığı ilə tanınan saytlarda bu şüarın fotosu dərhal tirajlanıb.

Amma bütün bunlar cənubi azərbaycanlıların “İmam Yadigar” stadionunda sözügedən məsələ ilə bağlı müxtəlif şüarlar səsləndirməsinə, öz etirazlarını dilə gətirməsinə mane olmayıb. Görüşdən öncə və matç zamanı Təbriz stadionunda “Qarabağ bizimdir, bizim olacaq”, “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarları səsləndirilib. Etirazçılar əllərindən Azərbaycan bayrağını dalğalandırmaqdan da çəkinməyiblər. Bəzi fanatlar isə hətta Xocalı soyqırımı ilə bağlı plakatlar nümayiş etdiriblər.

Həmin kateqoriyadan