“ABF hazırda Avropada ən yaxşılardan sayılır”

Bu gün Avropa Badmiton Konfedersiyasının 21-22 apreldə Bakıda keçiriləcək konqresinə həsr olunmuş mətbuat konfransı baş tutub.

Allsport.az xəbər verir ki, konfrasda Avropa badminton konfederasiyasının baş katibi Brayan Aqerbak və Azərbaycan badminton federasiyasının prezidenti Taleh Ziyadov iştirak edib.
Bakıda təşkil olunacaq konqreslə bağlı fikirlərini bölüşən Brayan Aqerbak tədbirə hazırlığı yüksək dəyərləndirib: “Bakıdakı konqresi səbirsizliklə gözləyirdik. Azərbaycan badminton federasiyası yüksək səviyyədə irəliləyişə nail olub, Avropa badminton konfederasiyasının ümumi fəaliyyətində, illik tədbirlərimizdə fəal iştirak edir, əməkdaşlığa dostcasına töhfə verir. ABF Avropa badminton ailəsinin çox əhəmiyyətli tərəfdaşıdır və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inanıram. Azərbaycan badminton federasiyası hazırda Avropada ən yaxşılardan sayılır”.
Daha sonra çıxış edən ABF-nin prezidenti Taleh Ziyadov isə ölkəmizin təkcə idman nailiyyətləri ilə deyil, həm də mötəbər idman tədbirlərini yüksək səviyyədə təşkil etməsi ilə dünyada tanındığını bildirib. Avropa Badminton Konfederasiyasının konqresinin Azərbaycan badmintonu tarixində ilk dəfə Bakıda keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd edən Taleh Ziyadov bu tədbirin ölkəmizdə təşkil olunmasının badmintonun gələcək inkişafı baxımından yeni imkanlar açdığını deyib.
21-22 apreldə keçiriləcək konqresin gündəliyinə bir sıra məsələlər daxildir.
Konqres çərçivəsində Avropa badminton konfederasiyasına üzv federasiyaların forumu keçiriləcək. Avropa badminton nümayəndə heyətlərinin illik toplantısında 2024-cü ildə Parisdə keçiriləcək yay olimpiya oyunlarına hazırlıq dönəmində badminton yarışları ilə bağlı gündəmdə olan məsələlər müzakirə olunmaqla yanaşı Avropa badminton konfederasiyasına prezident seçkiləri keçiriləcək.

Həmin kateqoriyadan