ABF mükafatlandırıldı

Azərbaycan badminton federasiyası (ABF) üçün tarixi hadisə baş verib.

Allsport.az xəbər verir ki, Afrikada badmintonun inkişafına böyük dəstək verən ABF dünya Bbadminton federasiyasının (BWF) illik baş toplantısında BWF inklüziv-2025 mükafatına layiq görülüb.

Bildirilir ki, “Shuttle Time” kimi proqramlara töhfə verən ABF Botsvana, Cibuti, Kamerun, Qambiya və Madaqaskarı badmintonun təbliğinə dəstək məqsədilə badminton avadanlıqları – raketka və volanla təmin edib.

1962-ci ildə təsis olunan yerli federasiya beynəlxalq turnirlər, inkişaf proqramları və strateji tərəfdaşlıqla dünya badmintonun ailəsinin ən fəal üzvlərindən birinə çevrilib.

Çinin Siamen şəhərində keçirilən BWF-nin 86-cı illik baş toplantısında ABF prezidenti Taleh Ziyadov dünya badminton federasiyası şurasına Avropadan 4 il müddətinə üzv seçilib. 143 ölkə, 744 milyon badminton azarkeşi və 400 milyon badminton oyunçusunu təmsil edən BWF-nin illik toplantısında tailandlı Kunyinq Patama Lisvadtrakul 4 il müddətinə quruma prezident seçilib.

Azərbaycan dünya badminton federasiyası reytinqində 85-ci pillədən 46-cı pilləyə yüksəlib. Azərbaycan beynəlxalq badminton tədbirlərinə – 2023-cü ildə Avropa badminton konfederasiyasının konqresi və 2025-ci ildə qarışıq komandaların Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi edib.

Həmin kateqoriyadan