ABF və MBF memorandum imzalayıb

Bu gün Azərbaycan badminton federasiyası və bu idman növündə dünyada öncüllərdən olan Malayziyanın badminton federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Allsport.az xəbər verir ki, ABF-nin prezidenti Taleh Ziyadov və MBF-nin prezidenti Mohamad Norza Zakaria arasında imzalanan memoranduma əsasən tərəflər arasında bir çox sahələrdə əməkdaşlıq proqramı həyata keçiriləcək.

Bu çərçivədə badmintonçuların hazırlıq səviyyəsinin artırılması məqsədilə birgə təlim-məşq toplanışların keçirilməsi, məşqçilərin təkmilləşdirməsi üçün kursların təşkili, hakimlərin hazırlanması, idman infrastrukturunun inkişafı və idarə edilməsi sahələrində təlim və bilik mübadiləsi, bundan əlavə digər istiqamətlər üzrə birgə fəaliyyət nəzərdə tutulub.

Cari ilin martından yeniyetmə badmintonçularımız Ülvi Hüseynov, Əmirxan İmanov və Əminə İsmayılova Petronans Malayziya badminton akademiyasında 2023-2024-cü illər ərzində fasiləsiz olaraq təlim-məşq toplanışında iştirak edərək peşəkarlıq səviyyəsini artırır və orta təhsillərini həmin akademiyada davam etdirir.

Ötən ay Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində dünya badminton federasiyasının (DBF) illik toplantısında iştirak edən Taleh Ziyadov səfər çərçivəsində badmintonçularımızla görüşərək onların akademiyada şəraiti və hazırlıq səviyyəsi ilə maraqlanıb.

Həmin kateqoriyadan