Aftandil Hacıyev: “Əsəblərimizi tarıma çəkdi”

Premyer liqanın 18-ci turunda səfərdə “Sabah”la heç-heçə edən (0:0) “Səbail”in baş məşqçisi Aftandil Hacıyev oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı. Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis nəticəni şərh edib:

“Hər iki komanda üçün ağır oyun oldu. Suni örtükdən təbiiyə keçəndə bizim üçün çətin olur. Rəqib də azlıqda qalmışdı. Hər iki qapı qarşısında qol epizodları oldu. Bilirdik ki, rəqib qapanan komandadı. Bunu gözləyirdik. Qırmızı vərəqədən sonra planları dəyişmədi, sistemi dəyişdilər. Bizim üçün son nöqtəni qoymaq çətin oldu. Oyuna nəzarət əlimizdə idi.

Hücum xətti üçün geniş seçimimiz yoxdur. Futbolçular çox əziyyət çəkdilər. Kifayət qədər təhlükəli epizodlar oldu. Rəqib isə əks-hücumlarda təhlükə yaradırdı. Son dəqiqələrdə hesab dəyişə bilərdi. Bu gün hər iki tərəf 1 xal qazandı. Rəqib oyunun sürətini olduqca aşağı salırdı. Son dəqiqələrdə bunu görəcəyimizi düşünürdük. Ancaq ilk dəqiqələrdən belə olması və hakimin bunu hiss etməməsi bizi məyus etdi və əsəblərimizi tarıma çəkdi. “Sabah”ı təbrik etmək lazımdır”.

Həmin kateqoriyadan