«Ayə, hara gedirsiz? Başlayırsız başlayın, başlamırsız çıxaq gedək»

Hans Xristian Andersonun uşaqlar üçün məşhur nağılı var: «Düyməcik». Sovet dönəmində onun əsasında cizgi filmi də çəkilmişdi. Azyaşlılar sevə-sevə izləyirdilər. Orda «Düyməciy»in başına min oyun gəlir, ətraf daim onu zorla ələ keçirmək istəyir. Bu üzdən, məzlum qızsığaz elə hey təqibdə olur. Özünə firavan, istədiyi həyatı qurmaq eşqi ilə. Onunla evlənmək istəyənlərdən biri də varlı köstəbək olur. Amma o qədər xəsis olur ki, ailə qurmağın ona neçəyə başa gələcəyini hər dəfə öz taxta hesab lövhəciyində çərk-çevir edir: gah deyir, evlənirəm, gah da deyir, yox. İndi bu bizim futbol başbilənlərimizin də qərarı ona bənzəyir. Koronavirus pandemiyası üzündən martda dayandırılan çempionat və kubok yarışmasını deyəsən, bərpa etmək niyyətində deyillər. AFFA bayrağı ilə keçirilən liqaların fatihəsini birdəfəlik veriblər, qalıb premyer liqa və ölkə kuboku. Halbuki Avropa və  MDB ölkələrində, eləcə də qonşu Türkiyədə artıq milli çempionatlar bərpa olunub.

Düzdür, mayın 31-də assosiasiyanın təşəbbüsü ilə klublar komitəsinin videokonfransında bu ayın 1-dən etibarən premyer liqa klublarının məşqləri, 2020-ci il iyunun 21-də premyer liqa və Azərbaycan kuboku oyunları bərpa olunması barədə qərar futbol ictimaiyyətini ümidləndirdi. Klublarımız növbəli şəkildə məşqləri bərpa edib, mübarizəyə hazırlaşmağa başladılar. Hətta yoldaşlıq oyunlarında üz-üzə gəldilər. Amma… Əmma o ki, son günlərdə yenə vitse-prezident və baş katib Elxan Məmmədova yaxın futbol adamları çempionatın başlamasının böyük risk olduğu barədə açıqlamalara start veriblər. Ölkə futbolunu qara günə qoyanlar, sanki bu missiyanı ömürlərinin sonunadək davam etdirəcəklərinə and içiblər! Sazı ilk dınqıldadan Vaqif Sadıqov olub. Klublar komitəsin sədri Elxanın «sol əli» sayılır. O, reporta açıqlamasında belə deyib:

«Mövsümün vaxtından əvvəl ləğv olunması ehtimaldan biridir. Mən elə-belə demədim ki, PFL müxtəlif variantları müzakirə edir. Bir şeyi yaddan çıxartmamalıyıq ki, məşqlərə start vermək və çempionata başlamaq qərarları AFFA, PFL və klublarla birgə qəbul edilib. Hesab edirəm ki, bu gün çempionatın ləğvinə ehtiyac varsa, ilk növbədə, bu qurumlar yenidən bir araya gəlib müzakirələr aparmalıdırlar. Klublar karantin üzündən şənbə və bazar günlərini buraxmalı olur. Hazırlıq üçün çox az gündən istifadə edəcəklər. Bəlli deyil ki, çempionatın gedişatında hansı hadisələr baş verəcək. Bütün futbolumuzu böyük risk altında qoyuruqsa, hesab edirəm ki, bunu müzakirə etmək mümkündür».

Vaqif Sadıqovun səsinə, dönəmi çoxdan qapanmış, illlərdir canı ilə əlləşən və şərti olaraq PFL prezidentliyində saxlanılan Ramin Musayev də səs verib. Qafqazinfoya açıqlamasında keçmiş polis əməkdaşı bunu deyib: “Hal-hazırda ölkədə vəziyyət hamıya bəllidir. Günü-gündən koronavirusa yoluxanların sayı artır. Çempionatı keçirən qurumun rəhbəri kimi ən çox söz-söhbət mənim üzərimdə olacaq. Mart ayında biz çempionatı dayandırarkən hamı başladı ki, bu qərar düzgün deyil.
Üzümüzə gələn həftə də sərt karantin rejiminin olması gözlənilir. Klublara 21 günlük məşq vaxtı vermişdik. Sərt karantinə görə onun 4 gününü məşq edə bilmədilər. Bu qədər qısa müddətdə məşq edib meydana çıxan futbolçu zədələnə bilər. Sabah hansısa komanda desə ki, futbolçum yoxdur ki, meydana çıxarım, o zaman biabırçılıq olacaq. Avqustun 3-nə qədər sürünə-sürünə çempionat keçirib kimisə sevindirək, kiminsə gözündə ucalaq deyəcəyiksə, o zaman biz pis vəziyyətdə qalacağıq.
Çempionatı dayandıranda müsbət addım atmışıq. Əgər vaxtımız az olsa, dayandırmalıyıq. Normal halda bizim futbolçuların fiziki durumu bizə bəllidir. İnanmıram ki, bu durumda futbolçularımız Avropada mərhələ adlasın. O zaman da Azərbaycan adına uğursuzluq olacaq. Bütün klublarımız “Qarabağ”da, “Neftçi” də bizimdir. Biz Avropada biabır olmamalıyıq, ölkədə bunun o qədər də önəmi yoxdur. UEFA vaxtı uzatmasa, məcburam ki, AFFA icraiyyə komitəsinə çempionatın ləğvi ilə bağlı müraciət edim”.

Millinin uğursuzluğundan dolayı özünə yaxın KİV vasitəsi ilə hər vəchlə AFFA prezidenti Rövnəq Abdullayevi gözdən salmağa çalışan «futbolun sədri-əzəmi» premyer liqanın başlamasında maraqlı deyil. Bu xaos ona sərf edir. Halbuki operativ qərargahın qərarını gözləyənlər, sonadək səbrli olmalı, zərgər dəqiqliyində olmalıydılar. İndi işbazlar məsuliyyəti üzərlərinə götürmək istəmirlər. Uşaq oyunudurmu ki, oyuncağı ver, sonra al. Budurmu peşəkarlıq? Futbolu gerçəkdən sevən şəxslər premyer liqanı başladıb, sonra «biz cəhd etdik, alınmadı» deyə bilərlər. Belədə, məsuliyyət də onların üzərində qalmaz. Yoxsa, ortada heç nə olmadan, çempionatı davam etdirmədən bitirmək futbola xəyanətdir!
Dünya uşaq ədəbiyyatı ilə başladım, öz şairimizin əsəri ilə bitirim. Səməd Vurğunun «Komsomol» poeması əsasında ekranlaşdırılan «Yeddi oğul istərəm» bədii filminin sonlarında inqilabçılar Gəray bəyin evində Cəlil Məmmədquluzadənin «Ölülər»ini təqdim edirlər. Tamaşa yubanınca, ordakılar səbirsizlənməyə başlayırlar. Kəndlilərdən biri dözməyib (gülüş ustası Fazil Salayev bu filmdə iki rolda oynayır) belə deyir: «Ayə, hara gedirsiz? Başlayırsız başlayın, başlamırsız çıxaq gedək, işimiz-gücümüz var».

Kamran HACI

Həmin kateqoriyadan