Azərbaycan güləşində Cavanşir sözü və ya 75-illik şərəfli ömür

Azərbaycan o nadir ölkələrdəndir ki, qədim və zəngin ənənələri olan güləşi sadəcə idman, mübarizə növü deyil, həm də milliliyin, ruhun, mənəvi dəyərlərin, ədalət və haqqın tərənnümçüsüdür. Tarixən Şərqlə Qərb arasında körpü olmuş Azərbaycanda bu bəşəri sərvəti qorumaqda güləşin əvəzsiz rolu və yeri var. Digər növlərlə müqayisədə, güləşçilərə daha böyük hüsn-rəğbətin və məhəbbətin bir kökü də buradan gəlir. Ancaq xalq dünyalar qədər sevdiyi bahadırlarına qarşı həmişə tələbkar olub, onlardan böyük fədakarlıq gözləyib. Çünki bu diyarda bir pəhləvan qələbəsi ilə bir orduya bərabər iş də görə bilir, onu sabaha – daha böyük zəfərlərə səsləyir. Həmişə də belədir. Bəşəriyyətin ən böyük idman təntənəsi olan olimpiya oyunlarından söz düşərkən, gözlər ilk növbədə bahadırlarımıza dikilir. Bu milli idman növümüzün əksər elementlərini, fəndlər və mübarizə metodlarını əks etdirən sərbəst güləş dünyada Amerika güləşi kimi qəbul edilsə də, əslində, bunun tarixi çox qədim, Azərbaycana bağlıdır. Sadəcə, elmi sübutlarla bunu dünyaya isbatlamaq lazımdır. Milli güləşin elementlərinə Qobustan qayalarında, şifahi xalq və klassik ədəbiyyatda rast gəlinir. Güləşin qədimliyini sübut edən digər faktlardan biri, Azərbaycanda toy və bayram şənliklərində insanların özlərini sınayan xüsusi yerlər – Zorxanalardır.

Milli güləşin inkişaf etməsi, gənclərin sevimli məşğələsinə çevrilməsi bir tərəfdən öz irsimizi və ənənələrimizlə bağlıdırsa, digər tərəfdən sonradan meydana gələn peşəkar məktəblərlə əlaqədardır. Azərbaycanda sərbəst güləşin kütləviliyi 2-ci Cahan savaşından sonra başlayıb. «Qosturud» idman klubunun təşəbbüskarlarından və oradakı məşğələlərin iştirakçılarından olan Rza Baxşəliyev ölkəmizdə bu idman növünün banilərindən sayılır. Onun məktəbinin yetirmələri, dəfələrlə SSRİ çempionları və mükafatçıları – Musa Babayev, İbrahimpaşa və Muxtar Dadaşovlar, Sovetlər Birliyininin ilk dəfə qatıldığı olimpiya oyunları, Helsinki-1952-də ya­rım­yün­gül çə­ki­də gümüş medal qazanan Rəşid Məmmədbəyovu misal gətirmək olar. Sonradan Azərbaycan sərbəst güləşində iz qoyan insanlar çoxdur. Onlardan biri, bu gün 75 yaşını qeyd edən Ca­van­şir Qur­ba­no­vdur. Çox­la­rı onu Azərbaycan gü­ləş fe­de­ra­si­ya­sı­nın vit­se-prezidenti ki­mi ta­nı­yır. Am­ma mütəxəssisin id­man sa­hə­sin­də­ki fəa­liy­yə­ti­ni tək­cə bu­nun­la məh­dud­laş­dırmaq düz­gün ol­maz­dı. Əmək­dar məşq­çi­si, id­man us­ta­sı, bey­nəl­xalq də­rə­cə­li ha­kim, Fəx­ri bə­dən tər­bi­yə­si və idman xadimi, Fəx­ri bə­dən tər­bi­yə­si və id­man iş­çi­si, xalq maa­ri­fi əla­çı­sı, 2010-cu ildən dosent elmi adını alan, olimpiya komitəsinin üzvü olan (1992-2000) pro­fes­sor, Azər­bay­can gü­lə­şi­nin in­ki­şa­fı sa­hə­sin­də­ki ço­xil­lik fəa­liy­yə­ti­ni yo­rul­ma­dan da­vam et­dir­mək­lə ya­na­şı, uzun müddət “Tə­fək­kür” uni­ver­si­te­ti­nin bə­dən tər­bi­yə­si ka­fed­ra­sı­nın mü­di­ri ki­mi öl­kə­də tə­lə­bə id­ma­nı­nın, gənc­lə­ri­mi­zin hər­tə­rəf­li, har­mo­nik in­ki­şa­fı­na da zəh­mət pa­yı­nı qa­tıb.

Cavanşir Kazım oğlu Qurbanov 6 dekabr 1947-ci ildə Bakı şəhərində anadan olub. O, id­ma­na er­kən yaş­la­rın­da, gü­lə­şə olan bö­yük sev­gi­si ilə gə­lib. İki gün­dən son­ra 7-ci onil­li­yi baş­la­na­caq bö­yük hə­yat yo­lu­nun gü­lə­şə həsr olun­muş his­sə­si uzun bir döv­rü əha­tə edir. Gü­ləş xal­ça­sı üzə­ri­nə ilk də­fə 1962-ci il­də Or­du idman klu­bun­da çı­xan Ca­van­şir, 4 il­dən son­ra ar­tıq id­man us­ta­sı nor­ma­sı­nı ye­ri­nə ye­ti­rib. Də­fə­lər­lə Azər­bay­can çem­pio­nu olub, ümu­mit­ti­faq və bey­nəl­xalq tur­nir­lər­də mü­ka­fa­ta la­yiq yer tu­tub.
1972-ci il­də Xalq tə­sər­rü­fa­tı ins­ti­tu­tu­nu (in­diki iq­ti­sa­diy­yat uni­ver­si­te­ti) bi­ti­rib. Am­ma özü­nü id­man­dan ay­rı tə­səv­vür et­mə­yən Cavaşir, id­man sa­hə­si üz­rə ali təh­sil al­maq üçün, Bə­dən tər­bi­yə­si ins­ti­tu­tu­na (in­di -AzDBTİA­) da­xil olub. Təh­si­li­ni da­vam et­dir­mək­lə ya­na­şı, Ba­kı xalq maa­ri­fi şö­bə­si­nin gü­ləş id­man mək­tə­bin­də məşq­çi, elə­cə də mək­tə­bin mü­di­ri və­zi­fə­sin­də ça­lı­şıb. Mək­tə­bə rəh­bər­lik et­di­yi 1990-cı ilə qə­dər ora­da sər­bəst gü­ləş üz­rə SSRİ, dün­ya və 2-qat Av­ro­pa çem­pio­nu Xə­zər İsa­yev, yu­nan-Ro­ma gü­lə­şi üz­rə Av­ro­pa çem­pio­nu, dün­ya çem­pio­na­tı­nın gü­müş mü­ka­fat­çı­sı Na­tiq Ey­va­zov, Av­ro­pa çem­pio­na­tı­nın gü­müş mü­ka­fat­çı­sı Azad Əli­yev, gənc­lər ara­sın­da SSRİ bi­rin­ci­lik­lə­ri­nin qa­lib­lə­ri Tap­dıq İs­ma­yı­lov, Sey­mur Kə­ri­mov, Bay­ram Ab­dul­la­yev, Əf­qan Məm­mə­dov, Hə­mid Rə­su­lov, Bəh­ruz Məm­mə­dov ki­mi ta­nın­mış pəh­lə­van­lar ye­ti­şib. Onun özü­nün şəx­si məşq­çi­lik fəa­liy­yə­ti­nin məh­su­lu 10-a ya­xın id­man us­ta­sı və müx­tə­lif də­rə­cə­li id­man­çı­lar­dır. On­la­rın ara­sın­da 2003-cü ilin sər­bəst gü­ləş üz­rə bü­rünc mü­ka­fat­çı­sı, Afi­na olim­pia­da­sın­da 5-ci ol­muş Rüs­təm Ağa­ye­vi xü­su­si qeyd et­mək la­zım­dır.

Cavanşir Qurbanovla tanışlığım idman mətbuatına gəlişimin ilk illərinə, 2002-ci ilə təsadüf edib. Bu işdə gənclər və idman nazirliyinin o vaxtkı mətbuat katibi Raqif Abbasovun (sonra bildim ki, onun qayınatasıdır) rolu olub. Onda federasiya əməli olaraq 1 saylı ETK-nın binasında yerləşirdi. Dərnəgülə yollanıb onunla görüşdüm. Elə orda özəl, mühüm məlumat verdi. Dedi ki, qadın güləşi olimpiya proqramına salınıb. Sonradan çox söhbətlərimiz oldu. İsti münasibət dostluq əlaqəsinə çevrildi. 2009-2010-cu illərdə AGF-də birgə çalışdıq, daha yaxın olduq, birgə çox səfərə çıxdıq. Belə bir məsəl var: Dostunu yolda tanı. Ca­van­şir mü­əl­li­min gözəl insan və etibarlı yol yoldaşı olmasını bir daha gördüm. Ondan həyat və işlə bağlı çox şey öyrəndim. Təcrübəsi və zəkası əsl örnəkdir. Avtomobil idarə etməsi də bir nümunədir. İnsanlar arasında necə təvazökar və alicənabdırsa, maşın sürəndə həmişə qarşısındakına yol verər, qaydaları pozmaz, öz ədəb və nəzakətini nümayiş etdirər. Əbəs yerə o, 2020-ci ildən Yasamal rayonunun Ağsaqqallar Şurasının sədri seçilməyib.

2007-ci il idi. “İdman”la yanaşı, “Futbol+” qəzetində çalışırdım. Azərbaycan idman jurnalistləri assosiasiyasının yekun tədbiri ilə “Bilmirəm bu hamam suyudur, yoxsa bozbaş “sərlövhəli məqalə yazmışdım. Bu, təşkilatın prezidenti Eldar İsmayılovu bərk qəzəbləndirmişdi. O, həm nəşri, həm də məni məhkəməyə verməyə hazırlaşırdı. Bunu Cavanşir müəllimlə ortaq dostumuz, o dövrdə “Olimpiya dünyası” qəzetində işləyən Lətif Aslanov söhbət əsnasında ona danışır. Bunu bilincə, dərhal hərəkətə keçir. Öncə mənə, sonra ona zəng vurur. Xülasə, ikimizi də barışdırır. Onun sülh yolunda başqa addımlarını da eşitmişəm: İranda uzun illər bir-birini görməyə gözü olmayan güləşin 2 nüfuzlu simasını, Azərbaycanda məşqçiləri barışdırıb. Bəli, o, cə­miy­yə­ti­miz­də baş ve­rən­lə­rin ini­ka­sı, za­ma­nın sülh nəb­zi­dir.

Ca­van­şir Qur­ba­no­vun fe­de­ra­si­ya­nın 1-ci vit­se-pre­zi­den­ti ki­mi fəa­liy­yət döv­rü Azər­bay­can gü­lə­şi­nin şan­lı sə­hi­fə­lə­ri­ni təş­kil edib. Sidney-2000-də sərbəst güləşdə Namiq Abdullayev, Afina-2004 yay olimpiya oyunlarında yunan-Roma güləşində Fərid Mansurov qı­zıl medal qazanıb. 2002-ci ildə ölkəmizdə olimpiya idman növləri üzrə ilk Avropa çempionatına güləş ev sahibliyi edib. Həmin yarışda sərbəst güləşçilərimiz 1 dəst medala sahib çıxıblar. 2003-cü ildə ABŞ-da keçirilən dünya çempionatında Arif Abdullayev 17 il sonra sərbəst güləşdə baş mükafata yiyələnib. 2004-cü ildə Bakıda keçirilən sərbəst güləş üsrə Dünya Kubokunda təşkilat komitəsinin sədr müavini olub. Bu məsul sınarda komandamız finalda Rusiya pəhəvanlarına qalib gəlib.

O, 2009-2017-ci illərdə AGF-də regionlar üzrə vitse-prezident kimi də çox iş görüb, bölgələrdə infrastruturun qurulmasında, yeniyetmələrin yetişməsində böyük fayda verib, daim aşağı yaş qrupu üzrə milli komandalara legionçuların cəlb edilməsinə qarşı çıxıb. 22 illik (gələn ay 23 olur) idman jurnalisti karyeramda, onun bir məqamda KİV-ə verdiyi dəyəri sonradan başqa federasiya rəsmilərində görmədim. 2005-ci ildə ölkə çempionatının gedişində, güləş idman növünün təbliğində göstərdiyi xidmətlərə görə layiq olan həmkarlarımı fəxri fərmanla təltif etdi. Təbii ki, hədiyyə də vardı. Təqdimetmə Bakı idman sarayında tamaşaçıların önündə oldu. O zaman gənc yazar üçün bu, böyük mükafat və yüksək dəyər, digər federasiya rəsmilərinə nümunə idi.

Ca­van­şir Qur­ba­no­vun əmə­yi­nə ve­ri­lən qiy­mət yu­xa­rı­da sa­da­la­dı­ğı­m fəx­ri ad­lar­da öz ək­si­ni ta­pmayıb. Bey­nəlxalq gü­ləş fe­de­ra­si­ya­sı da, öl­kə­miz­də gü­lə­şin in­ki­şa­fı­na ver­di­yi töh­fə­lə­rin əvə­zin­də, onu özü­nün qı­zıl me­da­lı­na la­yiq bi­lib. 2007-ci ildə Ba­kı­da ke­çi­ri­lən dün­ya çem­pio­na­tın­da o vaxtkı Fİ­LA pre­zi­den­ti Ra­fa­el Mar­ti­net­ti da­ha bir mü­ka­fa­tı – Se­na­tor­lar klu­bu­nun qı­zıl me­da­lı­nı ona təq­dim edib. Azərbaycan prezidentinin 05 mart 2008-ci il tarixli sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb. 70 illik yubileyi mübasibəti və ölkə idmanında roluna görə ölkə başçısı İlham Əliyev onu “2-ci dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Pro­fes­sorun id­man nə­zə­riy­yə­si və təd­ris me­to­di­ka­sı sa­hə­sin­də­ki ya­rı­dı­cı­lı­ğı da təq­di­rə­la­yiq­dir. İn­di­yə ki­mi onun qə­lə­min­dən 20-yə ya­xın el­mi mə­qa­lə və me­to­di­ki və­sa­it çı­xıb. Onun Azər­bay­can id­ma­nı­na la­zım olan əmə­yi hə­lə bun­dan be­lə də öz əvəz­siz bəh­rə­si­ni ve­rə­cək.

Sonda həssas bir məqamı da qeyd etməyi özümə borc bilirəm. Yubilyar, qardaşları arasında Xanları çox sevirdi. O, uzun müddət Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında kafedra müdiri olub. Mənin də müəllimim olub. Hamımızın çalışdırıcısı 2 il öncə koronavurusdan dünyasını dəyişəndə, çox pis olmuşdu. Bir müddət özünə gəlmədi. Bütün qardaşları ona əziz və doğmadır. Sadəcə, Xanlar müəllimlə çiyin-çiyinə güləşin inkişafında fədakarlıq göstərmiş, böyük yol keçmişdilər. Yubilyar, hazırda kiçik qardaşının uzun illər rəhbərlik etdiyi Azərbaycan milli idman növləri assosiasiyasında 1-ci vitse-prezident vəzifəsini daşıyır…

Kamran HACI
Fəxri bədən tərbiyəsi və idman işçisi

Həmin kateqoriyadan