“Allah qoysa, yaxın gələcəkdə digər zirvələri də fəth edəcəyik”

Albaniyanın paytaxtı Tiranada qitə çempionatında yunan-Roma güləşçiləri çıxışlarını başa vurdular. Allsport.az saytı xəbər verir ki, bu növdə millimiz növbədi dəfə də uğurlu nəticə göstərərək baş mükafata yetişdi. Zirvədə kubok yerli çalışdırıcı Rövşən Bayramova təqdim edildi.

Mükafatlandırmadan sonra seçməmizin Arazın o tayından olan yeni baş məşqçisi Məhəmməd Bəna (şəkildə sağda) nəticəni Albaniya paytaxtına səfər edən azərbaycanlı idman yazarlarına dəyərləndirdi. Tərcümədə millimizin titullu keçmiş üzvü, hazırda məşqçi olan Sabah Şəriəti kömək etdi:

“Azərbaycan bundan öncə də qalib olmuşdu. O üzdən uğurun təkrarlanacağını gözləyirdim. Çempionluq münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Fikrimcə, yaxın gələcəkdə həm yunan-Romada, həm də sərbəst güləşdə çoxlu medallar olacaq.

Bu zəfər asan olmadı. Neçə aydır zəhmət çəkirik. Federasiya rəhbərliyinin diqqəti və qayğısı daim üzərimizdə idi. Allah qoysa, yaxın gələcəkdə digər zirvələri də fəth edəcəyik.
Hər bir güləşçidən razıyam.

Deyirlər güləş fərdi idman növüdür, amma əslində elə deyil – komanda çempion olur. 5 medalımız oldu, onlardan 2-si qızıl idi. Yer tutmayanlar da bizə vacib xallar qazandırdılar”.

Kamran HACI, Tirana

Həmin kateqoriyadan