- Baxış sayı: 130
- 22 Aprel 2026 22:24
- Baxış sayı: 61
- Aprel 22, 2026
- 0

Tiranada keçirilən Avropa çempionatında yunan-Roma güləşçimiz Qurban Qurbanov (82 kq) ardıcıl 2-ci dəfə qızıl medal qazandı. Allsport.az saytı xəbər verir ki, o, finalda rusiyalı Adlet Tuliubayevi 4:2 məyus etdi. Mükafatlandırmadan sonra idmançımız Albaniya paytaxtına səfər edən azərbaycanlı idman yazarlarına çıxışını belə dəyərləndirdi:
“Hər 2 qızıl medal mənə əzizdir. Amma indiki keçid dövrü mənə bir qədər çətin oldu. Ötən Avropa çempionluğundan sonra ardıcıl zədələr aldım. Allaha şükürlər olsun, sonda toparlandım və yenidən zirvəyə qovuşdum. Həsrət Cəfərov 4-cü dəfə qitə çempionluğunu yaşadı. Ona çatmaq fikrim yoxdur.
Komanda işində sağlam rəqabət var. Dəqiq kiminsə uğuruna yetişmək kimi bir fikrim yoxdur. Mənim öz işim, öz hədəfim var. Mənə verilən tapşırıqları əlimdən gələn şəkildə yerinə yetirməyə çalışıram. Biz bir növ əsgərik, qoyulan vəzifəni yerinə yetiririk.
Olimpiya çəkisinə keçmək, kiminsə nəticəsini təkrarlamaq, bunlar birdən olacaq şeylər deyil. Millidə məşqçilər var, öz şəxsi məşqçim də var. İnsanların arzularını başa düşürəm. Mən də olimpiya çempionu olmaq istəyirəm. Amma bu, birdən-birə alınan məsələ deyil.
87 kq-da İslam Abbasov güləşir. Titullu idmançılardandır. Deyim ki, o çəkiyə keçəcəm, belə edəcəm, bu komanda içində xoşagəlməz haldır. Hər kəsə öz yolunda uğurlar arzulayıram. Əgər mənə nə vaxtsa fürsət düşərsə, sağlam rəqabətlə bunu dəyərləndirməyə çalışaram”.
Kamran HACI, Tirana