Leyla badminton tarixinə düşdü

Allsport.az xəbər verir ki, yeniyetmə badmintonçularımız İsrailin Rişon-le-Sion şəhərində keçirilən beynəlxalq “PACK LINE Israil youth 2023” turnirində 4 qızıl və 1 gümüş medal qazanıb.
Turnirdə ən yaxşı nəticəni böyük perspektiv vəd edən yeniyetmə idmançımız Leyla Camalzadə göstərib.

Leyla 15 yaşadək badmintonçuların şəxsi və qarışıq qoşa yarışlarında qızıl medal qazanaraq mütləq çempion kimi Azərbaycan badminton tarixində ilkə imza atıb.

Badmintonçumuz daha öncə ötən il Serbiyada keçirilən beynəlxalq “Youth international” turnirində də fəxri kürsüdə yer almağı bacarmışdır.
Şəxsi yarışda qrup mərhələsində keçirdiyi bütün görüşlərini qələbə ilə bitirən Leyla Camalzadə uğurlu çıxışın davamını pley-offda da gətirib. Badmintonçumuz yarımfinal və final qarşılaşmalarında qalib gələrək qızların şəxsi kateqoriyasında ən güclü olub.


Leyla Camalzadə və Qəndab Niftəlizadə 15 yaşadək qız badmintonçuların qoşa yarışında da turniri qalib başa vurub. Dairəvi sistem üzrə keçirilən bu kateqoriyada qız badmintonçularımız mütləq nəticə göstərərək qrupda birinci yerə layiq görülüb.


15 yaşadək badmintonçuların qarışıq qoşa kateqoriyasında da qızıl medal qazanan tərəf Azərbaycan təmsilçiləri olub.

Əli Gözəlov və Leyla Camalzadə ardıcıl qələbələr sayəsində fəxri kürsünün ilk pilləsində yer alıb.
Daha 1 qızıl medalı hesabımıza 13 yaşadək qız badmintonçuların şəxsi yarışında Qəndab Niftəlizadə yazdırıb.
13 yaşadək badmintonçuların qarışıq qoşa yarışında isə Fərəc Kərimli və Qəndab Niftəlizadə yalnız finalda uduzaraq gümüş medal əldə edib.


İsrailə öncədən yollanan yeniyetmə badmintonçularımız məşqçi Yevgen Poçtaryovun rəhbəriyi altında 26-29 mart tarixlərində Aşdod şəhərində təlim-məşq toplanışında olub.


Ölkəmizdə uşaq və yeniyetmə badmintonun inkişaf strategiyasını seçən Azərbaycan badminton federasiyası bu məqsədlə bu idman növündə dünyanın aparıcı ölkələrin inkişaf modelindən yararlanmaq və həmin ölkələrin idmançıları ilə birgə təlim-məşq toplanışları keçirmək niyyətindədir.

Həmin kateqoriyadan