Badmintonçularımızın 2023-cü ildə qazandığı medalların sayı açıqlandı

Allsport.az xəbər verir ki, bu barədə Azərbaycan badminton federasiyasının ümumi yığıncağında məlumat verilib.

Bildirilib ki, milli komandanın üzvləri 8-i qızıl olmaqla 30 medal qazanıb.

Hesabat-seçki xarakterli yığıncaqda Azərbaycan badminton federasiyasının baş katibi Ramil Hacıyev qurumun 2023-cü ildə fəaliyyətinə dair hesabatla çıxış edib. Qarşıdakı ildə görüləcək işlər və hədəflər barədə məlumat verib.

Ölkəmiz bir sıra beynəlxalq badminton yarışları və Avropa badminton konfederasiyasının konqresinə ev sahibliyi edib. Bu idman növünün regionlarda inkişafı ilə bağlı bir sıra proqramlar həyata keçirilib.

Ardınca badminton üzrə milli komandanın baş məşqçisi Morteza Validarvi idmançılarımızın beynəlxalq turnirlərdə çıxışı və 2023-2028-ci illəri əhatə edəcək 5 illik strategiya ilə bağlı fikirlərini bölüşüb.

ABF-nin marketinq departamentinin rəhbəri Aydan Məmmədhəsənova hakimlik istiqamətinin inkişafı ilə bağlı görülən işlərdən danışıb.
İclasda həvəskar badmintonun inkişafı ilə bağlı milli komandamızın sabiq üzvü, hazırda məşqçi kimi fəaliyyət göstərən Orxan Qələndərov təqdimatla çıxış edib.

Ardınca idarə heyətinin üzvlüyünə seçki keçirilib. Gender bərabərliyinin təmin olunması məqsədi ilə ümumi səsvermə əsasında İlahə Əmirbəyova burada Mirzə Orucovu əvəzləyib. Mirzə Orucov isə idarə heyətinin fəxri üzvü seçilib.

ABF-nin prezidenti Taleh Ziyadov bu idman növünün inkişafında müstəsna xidmətləri olan Mirzə Orucova xüsusi xatirə hədiyyəsini təqdim edib.

ABF-nin prezidentinin müşaviri Çapay Məmmədov federasiyanın rəsmi saytında IT platforma, idmançıların reytinqinin hesablanması ilə bağlı sistemi təqdim edib. ABF-nin prezidenti Taleh Ziyadovun sədrliyi keçirilən yığıncaqda üzvlərlə açıq müzakirə təşkil edilib. İclasın yekununda çıxış edən Ziyadov iki il ərzində kifayət qədər iş görüldüyünü bildirməklə yanaşı, komitələrin fəaliyyəti ilə bağlı qeydlərini bölüşüb.

Həmin kateqoriyadan