“Beyl razılaşmadı, Miçeli transfer etdik”

İngiltərənin “Birmingem” klubunun baş məşqçisi Aleks Makliş “Qarabağ”da çıxış edən Migel Markos Maderanı 2010-cu ildə transfer etmələrindən danışıb. Allsport.az “La Voz de Asturias” nəşrinə istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis “Tottenhem”dən Qaret Beyli transfer edə bilmədikləri üçün Xixon “Sportinq”indən Miçeli aldıqlarını söyləyib:

“Harri Rednappa zəng etdim və Beylin transferi ilə bağlı danışdım. Düşündük ki, gənc Beyl kiçik kluba gedərək, daha da inkişaf edər. Əgər özünü göstərsəydi, “Tottenhem” onu geri ala biləcəkdi. Ancaq nə futbolçu, nə də klubu razılaşmadı. Gələcəyin böyük ulduzu olduğunu deyib, satmaq istəmədilər. Beyl o zaman 20 yaşında idi və daha sonra nələr olduğunu gördük.

Yanvar ayında keyfiyyətli oyunçu almalı olduğumuzu söylədim. Miçelin bizə uyğun olduğunu bildirdim. Bir ildən çox idi ki, onu izləyirdim. Oyununu izləmək üçün İspaniyaya da getmişdim. Bizə gəldiyi üçün şad olmuşdum. Təcrübəsi var idi, topla texnikalı rəftar edirdi və keyfiyyətli idi. Komandanı gücləndirəcəyini həqiqətən düşünmüşdüm”.

“Birmingem” ispan futbolçunu 3,3 milyon avroya transfer etmişdi. Komandada möhkəmlənə bilməyən yarımmüdafiəçi 2011-ci ilin yanvarında Afina AEK-inə icarəyə verilib. Miçel 2011-ci ilin yayında “Xetafe”yə keçib və 3 il Madrid klubunda çıxış edib. 34 yaşlı futbolçu 2015-ci ildə İsrailin “Makkabi” klubundan ayrıldıqdan sonra “Qarabağ”a keçib.

Həmin kateqoriyadan