Boksçularımız Qazaxıstan, Özbəkistan və Fransa milliləri ilə hazırlıq keçir

Allsport.az xəbər verir ki, gənc boksçulardan ibarət Qazaxıstan, Özbəkistan və Fransa milliləri Azərbaycanda səfərdədir. Qonaqlar Bakı boks mərkəzində yığma komandamızla birgə təlim-məşq toplanışına qatılıblar.

100-dən artıq idmançının qatıldığı hazırlıq çərçivəsində Azərbaycan millisinin üzvləri ilə sınaq döyüşləri də keçirəcəklər. Komandalar aprelin 23-dək birgə məşq edəcəklər.

Azərbaycan yığmasının baş məşqçisi Elbrus Rzayev birgə hazırlığın gələcək uğurlar üçün faydalı olacağını vurğulayıb. O bildirib ki, məhz belə toplanışlarda boksçuların güclü və zəif cəhətləri daha çox nəzərə çarpır, onlar üzərində xüsusi işlənilir. Həmçinin bu günün gənc boksçusu sabah əsas komandaya keçdikdə adaptasiya dövrü uzun çəkmir: “Məqsədimiz təlim-məşq toplanışlarında və beynəlxalq turnirlərdə özlərini yaxşı tərəfdən göstərən hər bir idmançının daha da inkişafına nail olmaqdır. İstəyirik ki, hər çəki dərəcəsində ən güclülərdən ibarət inamlı komanda formalaşdıraq. Asiyanın və dünyanın aparıcı ölkələrindən olan Qazaxıstan və Özbəkistan, həmçinin Avropada öz sözünü deməyi bacaran Fransa yığmaları ilə birgə hazırlıq növbəti yarışlarda bizə çox faydalı olacaq”.

Həmin kateqoriyadan