- Baxış sayı: 19
- 20 Noyabr 2026 23:29
- Baxış sayı: 61
- Noyabr 20, 2026
- 0

Yaponiya futbol assosiasiyasının sabiq prezidenti, FİFA rəhbərliyinə namizəd Kozo Taşima ABŞ millisinin hücumçusu Folarin Baloqunun 2026-cı il dünya çempionatında aldığı qırmızı vərəqənin ləğv edilməsinə etiraz edib.
Allsport.az xəbər verir ki, o, bu qərarın qaydalara zidd olduğunu və heç bir izahat verilmədiyini bildirib:
“On il əvvəl də buna bənzər hadisə baş vermişdi. Canni İnfantino FİFA prezidenti seçiləndə qurumda islahatlar aparmaq və onu daha yaxşı vəziyyətə gətirmək məqsədi güdürdü. O, şübhəsiz ki, çox yaxşı işlər görüb. Lakin 2026-cı ildə, on il sonra, reqlamentin nəzərə alınmadığı hadisələr baş verdi.
Mən futbolun içindəyəm, həm futbolçu, həm də məşqçi olmuşam. Buna görə də Baloqunun cəzasının ləğvini qətiyyən qəbul edə bilmirəm. Üstəlik, indiyədək heç kim bu qərarla bağlı izahat verməyib. Bu, məni çox qəzəbləndirdi və namizədliyimi irəli sürməyimin əsas səbəbi də budur.
Bilirəm ki, qitə konfederasiyasının dəstəyini almadığım üçün daha əlverişsiz mövqedəyəm. Bununla belə, İnfantinoya qarşı səsləri parçalamamaq və qüvvələri birləşdirmək üçün Diallo ilə birlikdə işləməyə hazıram”.
Xatırladaq ki, Baloqun DÇ-2026-nın 1/16 final mərhələsində Bosniya və Hersoqovina ilə matçda (2:0) Tarik Muxaremoviçin topuğuna basdığı üçün qırmızı vərəqə alıb. Sonradan onun bir oyunluq diskvalifikasiyası bir il sınaq müddəti olmaqla dayandırılıb və hücumçu Belçika ilə 1/8 final qarşılaşmasında (1:4) meydana çıxıb. ABŞ prezidenti Donald Tramp qərarla bağlı FİFA rəhbəri Canni İnfantino ilə müzakirə apardığını etiraf edib.