“Boz ev” premyer liqa klublarını sərt cəzalandırıb

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirədən sonra premyer liqanın 15-ci turunun oyunları ilə bağlı qərarlar çıxarılıb:

“Zirə” – “Sabah” matçında həm meydan sahiblərinin, həm də qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 25-ci dəqiqəsində “Sabah”ın futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 62-ci dəqiqəsində “Zirə”nin futbolçusu Vüqar Mustafayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.
Üstəlik, bu matçın protokolunu vaxtında təqdim etmədiklərinə görə, hər 2 klub əlavə olaraq 800 manat cərimələnib.

“Qəbələ” – “Sumqayıt” matçında hakimlər otağında lazımı inventarlar olmadığına görə klub 1600 manat cərimə olunub.

“Qarabağ” – “Neftçi” matçının 70-ci dəqiqəsində qonaqların futbolçusu Anton Krivatsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 10-cu dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə, klub 800 manat cərimə olunub. Oyundan əvvəl “Qarabağ”ın məşqçisi Mario Dobromirov hakimlər otağına icazəsiz daxil olduğuna görə, klub 1600 manat cərimə olunub.

Həmin kateqoriyadan