“Buranın yeməkləri çox dadlıdır, çox xoşuma gəlir”

“Sumqayıt”ın yeni transferi Jordan Rezabala klubun mətbuat xidmətinə açıqlama verib.

Allsport.az müsahibəni təqdim edir.

– Əvvəlcə, doğum gününüzü təbrik edirik. Ailənizdən uzaqda doğum gününü qeyd etmək necə hissdir? Darıxmırsınız?
– Təbrik üçün təşəkkür edirəm. Əlbəttə ki, xüsusi günləri əzizlərindən uzaqda qeyd etmək çox çətindir. Amma hələlik belədir və bununla barışmalıyıq. Gələcəkdə özəl günlərimizi bir yerdə qeyd etməyə çox vaxtımız olacaq.

– Artıq bir neçə gündür ki, “Sumqayıt” klubuna qoşulmusunuz. Komanda ilə məşqlərə çıxmısınız. İlkin təəssüratlarınız necədir?
– Çox yaxşı komandamız var. İlkin təəssüratlar çox müsbətdir. Hər gün özümü daha yaxşı, daha inamlı hiss edirəm və bu, mənim üçün yaxşıdır.

– Azərbaycan və Ekvadordakı məşq prosesləri arasında hansı fərqlər var? Məşq zamanı nəyisə anlamaqda çətinlik çəkmirsiniz? Nəzərə alsaq ki, arada dil baryeri də var.
– Çox fərq yoxdur, bir az dəyişiklik var, amma həmişə getdiyin yerə uyğunlaşmalısan. Bu, futboldur və ən böyük problemləri belə həll etmək üçün yaxşı oynamaq lazımdır. Əgər yaxşı çıxış etsən, bütün baryerlər aradan qalxacaq və uğurlu olacaqsan.

– Ümumiyyətlə, komandaya adaptasiya prosesi necə gedir. Oyunçularımız çox mehribandırlar. Yeni gələn futbolçuları asanlıqla öz aralarına qəbul edirlər. Sizinlə bu proses necə oldu?
– Həqiqətən, burada özümü çox rahat hiss edirəm. Yavaş-yavaş yeni həmkarlarımı tanıyıram, onlar çox yaxşı insanlardır. Ən əsası peşəkar aspektdə yaxşı komanda, ailə yaratmaqdır. Biz bunu bacaracağıq.

– Məşqdən kənar asudə vaxtınızı necə keçirirsiniz? Şəhəri gəzmək şansınız olubmu?
– Şəhərlə tanış olmaq üçün çox az vaxtım olub, amma bəzi yerlərdə olmuşam və məncə, çox gözəldir. Daha çox yerləri görmək üçün sonra vaxt olacaq.

– Qida ilə bağlı hər hansı probleminiz varmı? Bizim mətbəxə aid yeməklərin dadı xoşunuza gəlirmi?
– Buranın yeməkləri çox dadlıdır, çox xoşuma gəlir.

– Qarşıda “Kəpəz”lə oyun var. Necə düşünürsünüz, bu rəqibə qalib gəlmək olacaq?
– Rəqibdən asılı olmayaraq, bütün oyunlar həmişə mürəkkəbdir. Diqqətimizi gördüyümüz işlərə yönəltməliyik və işimizi peşəkar səviyyədə görməliyik.

– Sonda, azarkeşlərə nə demək istərdiniz?
– Eşitdiyimə görə, “Sumqayıt”ın çox coşğulu azarkeş qrupu var. Bizi ruhlandırmaq üçün insanların stadionda olması hər zaman yaxşıdır. Əminəm ki, oyunçuların hər biri təmsil etdiyimiz rənglər üçün meydanda bütün gücünü ortaya qoyur. Və biz – həm azarkeşlər, həm də oyunçular məqsədlərimizə çatmaq üçün birlik olmalıyıq.

Həmin kateqoriyadan