“Çalışacağıq ki, düşdüyümüz situasiyanı qəbul edib, düzgün hazırlaşaq və mövqe tutaq”

AFFA icraiyyə komitəsinin onlayn qaydada keçirilən iclasında premyer liqa və ölkə kuboku vaxtından əvvəl başa çatdırılıb və yarış cədvəlinin lideri “Qarabağ” mövsümün çempionu elan edilib. Allsport.az xəbər verir ki, qızıl medaçıların baş məşqçisi Qurban Qurbanov bu barədə belə deyib:

“Mövsümün əvvəlində qarşımıza çempionluq hədəfi qoymuşduq. Baxmayaraq ki, premyer liqanın bitiminə bir neçə tur qalmış çempionat dayandırıldı. İkinci pillə ilə aramızda 8 xal fərq var idi və çempion olmaq şansımız çox idi. Buna uyğun da AFFA icraiyyə komitəsi çempionatın dayandırılmasına və qalibi müəyyənləşdirməyə qərar verdi. Futbolçularımı təbrik edirəm, ardıcıl 7 il çempion olmaq çox yaxşı göstəricidir. Neçə ildir bu komandadayam, klub rəhbərliyi, futbolçularla və işçilərlə tək fikrimiz düzgün iş qurmaqdır.

Bunu da klubda hər kəs dərk edirdi, bu stabillikdə hamının əməyi var. Bu çempionluğu qeyd etmək hamının haqqı idi, hamını təbrik edirəm. Dəfələrlə demişəm ki, hər bir uğur əldə etdikdən sonra bizim məsuliyyətimiz daha da çoxalır. Bu çempionluğun özəl bir yeri var, ardıcıl 7-ci dəfə Azərbaycanda çempion olduq. Baxmayaraq ki, ağır dövrdür, çətinliklər coxdur. Biz də öz işimizi dövlətin müəyyən etdiyi qaydalar çərçivəsində, həm də öz peşəkarlığımızla görməyə çalışırıq. Çalışacağıq ki, qarşıdakı zamandan düzgün istifadə edək. Düzdür, sıxıntılarımız olacaq, komanda uzun müddətdir rəsmi oyunlara çıxmır.

Və avqustun 17-də çempionlar liqasının təsnifat mərhələləri başlayır. O vaxta qədər düzgün plan qurmalıyıq. Çempionat başa çatsa da, bizim üçün ən çətin dövr başlayır. Həm transfer dönəmi başlayır, həm də rəsmi oyunlarsız çempionlar liqasının təsnifat mərhələsinə hazırlaşmağa daha çox vaxt sərf eləmək lazım olacaq. Bu pandemiya bütün dünyada yayılıb. Hər bir halda çalışacağıq ki, düşdüyümüz situasiyanı qəbul edib bu vəziyyətdə düzgün hazırlaşaq və mövqe tutaq. Öz azarkeşlərimizin hər birini təbrik edirəm, onlar bəlkə də bizdən çox bu çempionluğu gözləyirdilər”.

Həmin kateqoriyadan