Canni de Byazi: Azərbaycan torpaqlarının 30 ildir işğal altında olduğunu bilirəm

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İTV-nin “Bol idman” verilişində cəbhədə baş verənlər barədə danışıb. Allsport.az saytı xəbər verir ki, o, ermənilərin dinc əhalini hədəf almasının qəbuledilməz olduğunu söyləyib:

“Cəbhədə baş verən hadisələrdən xəbərdaram. Həyatımda ilk dəfədi belə halla rastlaşıram. Ermənilərin cəbhədə döyüş aparmaq əvəzinə dinc əhalini öldürməsi qəbuledilməzdi. 13 yaşlı Şəhriyar Qurbanovun ölümü barədə eşitdim. Milli komandanın oyunçusu olardı ya yox, bilmirəm, ailəsinə başsağlığı verirəm. Onun ölümü bütün Qarabağ münaqişəsini izah edə bilər.

Azərbaycan torpaqlarının 30 ildir işğal altında olduğunu bilirəm. Bu illər ərzində qarşılıqlı atışmalar olmuşdu, lakin bu səviyyədə ilk dəfədir. Əlbəttə, ailəm mənə görə narahatdır. Tək mənim yox, köməkçilərimin ailələri və yaxınları da. Ümid edirik ki, ən qısa zamanda məsələ öz həllini tapar. İşğal altında olan torpaqlar tezliklə Azərbaycana qayıdar. BMT-in dörd qətnaməsi var ki, orda da ermənilərin torpaqları azad etməli olduqları göstərilib”.

İtaliyalı mütəxəssis millətlər liqasında Bakı olimpiya stadionunda keçirilməli olan Azərbaycan – Kipr oyununun neytral meydanda oynanılması ilə bağlı AFFA ilə UEFA arasında danışıqlar davam etməsi haqda da danışıb: “Kiprlə Bakıda oynamaq istəyirik, amma qərarı UEFA verəcək. Bitərəf meydanda oynamaq qərarə verilsə, Kiprdən əvvəl qarşılaşacağımız Monteneqroya yaxın olduğu üçün Albaniyada oynamaq istərdim”.

64 yaşlı çalışdırıcı millətlər liqası oyunlarının hazırlıqlarına başladıqlarını vurğulayıb: “Futbolçular çox motivasiyalıdılar. Onları razı salmaq üçün ordu naminə oynamalıyıq. Qələbələrimiz Azərbaycanın gücünü, futbolunun gücünü göstərəcək. Yeni heyətə gəlincə, məşqçilər komandaları və futbolçuları izləyirlər. Əli Qurbaninin yüngül zədəsi var, amma ümid edirəm ki, hazır olacaq. Azərbaycan klublarında oynayan futbolçuları seçdim. Koronavirusu nəzərə aldım, buna görə Nazarov və İsrafilovu milliyə çağırmadım. Milli komandanın hazırkı futbolçuları yığmaya kömək etsə, bu heyətlə çalışmağa davam edəcəyik. Vüsal İsgəndərli pis oyunçu deyil, amma klubuna daha çox kömək etməlidir”.

De Byazi “Qarabağ”ın Avropa liqasının pley-off mərhələsində “Legiya”ya qalib gələrək (3:0) qrup mərhələsinə yüksəlməsi barədə bunları deyib: “Qarabağ”ın Varşavadkı oyununu qeyd etmək istəyirəm. Komanda yaxşı futbol nümayiş etdirdi, azarkeşləri və əsgərləri sevindirdi. Qalib gəlməliyik, çünki bu çox vacibdi”.

Həmin kateqoriyadan