Corc Floydu anan futbolçuya xəbərdarlıq

Macarıstan futbol federasiyası vurduğu qoldan sonra “Corc Floyd üçün ədalət” sözləri yazılmış köynəyi nümayiş etdirən “Ferentsvaroş”un hücumçusu Tokmak Nquenə xəbərdarlıq edib. Allsport.az xəbər verir ki, federasiya Keniya əsilli norveçli futbolçunu bu hərəkətinə görə qınayıb. Əgər hərəkət təkrarlansa, 26 yaşlı hücumçu cəzalandırılacaq.

Nquen Macarıstanın yüksək liqasının 26-cı turunda “Puşkaş Akdemiyası” ilə qarşılaşmada (1:1) vurduğu qoldan sonra Corc Floydun xatirəsini anıb.

ABŞ-da mayın 25-də Minneapolisdə Corc Floyd adlı afroamerikalının saxlanılma videosunun internetə sızmasından sonra dünyada etiraz başlayıb. Polislər afroamerikalının əllərini qandallayıb və onu yola yıxıb.

Onlardan biri Floydun “nəfəs ala bilmirəm” deməsinə baxmayaraq, onu boğmağa başlayıb. Bir qədər sonra afroamerikalı şəhər xəstəxanalarının birində vəfat edib. Mayın 26-da həmin polislər işdən çıxarılıb, onlardan biri saxlanılıb.

Həmin kateqoriyadan