Elmar Baxşıyev: “Qol vurmaq tək onun işi deyil”

Premyer liqanın 16-cı turunun “Sabah” – “Qəbələ” oyunundan (3:2) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

“Oyunun belə çətin olacağını bilirdik. “Sabah” qış fasiləsindən sonra ilk oyunda uduzmuşdu. Bu gün isə evdə oynayırdı. Qış fasiləsindən sonra heyətdə bəzi dəyişikliklər oldu. Yeni futbolçularımız komandaya gec qoşulduğu üçün istədiyimiz oyunu sərgiləyə bilmirik.

Amma bu komandanın potensialı var. İnanıram ki, biz daha yaxşısına nail olub, daha uğurlu nəticələr əldə edəcəyik. Komandanın psixologiyası öz yerindədir. Ani diqqətsizlik standart vəziyyətdən iki qol buraxmağımızla nəticələndi. İlk yarıda yaxşı epizodlarımız oldu. Lakin dəyərləndirə bilmədik.

Komandamız tək Ülvi İsgəndərovdan ibarət deyil. Qol vurmaq tək onun işi deyil. Müdafiədən tutmuş hücumçuya qədər hamının qol vurmaq bacarığını bilirik, inanırıq və hamıdan bu tələb olunur”.

Həmin kateqoriyadan