Elxan Məmmədov: “Müxtəlif ssenarilər üzərində düşünürük”

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib. Allsport.az xəbər verir ki, qurum rəsmisi hər gün Avropadakı digər milli assosiasiyalarda çalışan həmkarları ilə əlaqə saxladıqlarını və UEFA ilə mütəmadi məsləhətləşmələr apardıqlarını bildirib:

“Əlbəttə, situasiya fərqli, qeyri-adidir. COVID-19 virusunun yayılması, bunun pandemiyaya çevrilməsi həyatın, demək olar ki, bütün sahələrinə öz təsirini göstərib. Təbii ki, idman, xüsusilə də, futbol bu baxımdan istisna deyil. Biz hər gün Avropadakı digər milli assosiasiyalarda çalışan həmkarlarımızla əlaqə saxlayırıq, mütəmadi qaydada UEFA ilə məsləhət aparırıq”.

Məmmədov peşəkar futbol liqası və klubların rəhbərliyi ilə daimi təmasda olduqlarını sözlərinə əlavə edib: 

“PFL və klublarımızın rəhbərliyi ilə daim təmasdayıq. Hadisələrin sonrakı gedişi ilə bağlı adını qeyd etdiyim qurumların təmsilçiləri ilə birgə müxtəlif senarilər üzərində düşünürük. Belə situasiyalarda qarşılıqlı əlaqə şəraitində çalışmalı və əlbəttə ki, ilk növbədə, nazirlər kabineti yanında operativ qərargahın  tövsiyə və tapşırıqlarına əməl etməliyik. Çünki ən vacib məsələ sağlamlığın qorunmasıdır.

Futbolçuların fiziki hazırlıq səviyyəsi də diqqət mərkəzindədir, təbii ki, yeni qrafikdə fiziki hazırlıqla bağlı dövr nəzərə alınacaq. Hamımız anlayırıq ki, bizim də məxsus olduğumuz Avropa zonasında milli komandaların və bütün digər turnirlərin təqvimində dəyişiklik qaçılmazdır. Hələ ki səbirli olmalı və gözləməliyik”.

Həmin kateqoriyadan