Elxanomikadan doğan elxanlaşma

Yanvarın 28-də AFFA-nın hesabat-seçki konfransı olacaq. Allsport.az saytı xəbər verir ki, iclasda federasiyanın yanvarın 8-dəki növbədənkənar konfransında qəbul olunmuş yeni nizamnaməyə uyğun seçkilər keçiriləcək. Bilindiyi kimi, icraiyyə komitəsi üzvlərinin sayı 11-dən 13-ə çatdırılacaq. Eyni zamanda, 1-ci vitse-prezident vəzifəsi ləğv olunub, əvəzində vitse-prezident sayı 4-ə yüksəldilib. Onlardan biri icraçı vitse-prezident olaraq fəaliyyət göstərəcək.

Nizamnamənin 42-ci maddəsinin 2-ci bəndində təsis olunan icraçı vitse-prezidentin səlahiyyətləri genişdir:
a) AFFA-nı təmsil etmək;
b) Prezident olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada həyata keçirmək;
c) Üçuncu şəxslər qarşısında AFFA-nı təmsil etməklə müvafiq sənədləri imzalamaq;
ç) Baş katibliyin fəaliyyətinə nəzarət etmək;
d) AFFA-nın hüquqi orqanlarının və komitələrinin fəaliyyətinə nəzarət etmək;
e) AFFA-nın müvafiq struktur və bölmələrindən, hüquqi orqanlarından, komitələrindən və üzvlərindən məlumat və sənədlər almaq;
f) Bu nizamnamədən irəli gələn irəli gələn digər hüquq və vəzifələr.

Burada çox qəribə, eyni zamanda, müəmmalı məqamlar var. İcraçı vitse-prezidentin səlahiyyətləri açıqlandığı halda, digər 3 vitsenin hansı sahələrə məsul olacağı bəlli deyil. Nizamnamə dəyişikliyi onların fəaliyyət dairəsini müəyyənləşdirmir. Əvvəl də belə idi, bundan sonra da belə olacaq.
Rauf Əliyevlə Elşad Nəsirov 2004-cü ildən AFFA rəhbərliyində təmsil olunur. Sadəcə, təmsil olunurlar, işlərinin adı yoxdur. Adı ilk çəkilən 1-ci vitse-prezident, digəri vitse-prezident kimi AFFA-nın heç bir seqmentinə cavabdehlik daşımayıb. Ancaq bu, mümkün idi, etməyiblər, yenə də etmirlər.

Avropanın bütün ölkələrininin futbol federasiyalarında vəzifə bölgüsü aparılır. Bu, bir nömrəli iş prinsipidir. Vitse-prezident federasiyaya gəlir, iclaslarda, tədbirlərdə iştirak edir, fəqət heç bir səlahiyyəti yoxdur – anormallıqdır. Hər dəfə deyirik ki, futbolun inkişafına dair 10 illik dövlət proqramı belə gəldi, elə getdi. Digər federasiyalar, onların rəhbər şəxsləri hər ilin sonunda hesabat verir, AFFA-dan isə kimsə çıxıb nə iş gördüyünü açıqlamır.

Sportinfo.az-ın iddiasına görə, bu 2 şəxs və başqaları susur, yalnız Elxan Məmmədov tribunaya yaxınlaşıb saxta rəqəmləri içinə almış monoloq söyləyir, vəssalam!
Nizamnadəməki son dəyişiklik baş katibin öz məqsədlərini həyata keçirməyə hazırlaşmasından başqa bir şey deyil. Bu «yeniliklər» sırf onun «beyin məhsuludur» və şəxsi tərəfindən hazırlanıb. 3 vitse-prezidenti səlahiyyətsiz qoymaq faktiki olaraq “Boz ev”dəki hakimiyyəti tək əldə birləşdirmək, öz əlində cəmləmək niyyətindən xəbər verir.

Çünki Elxan Məmmədovun bütün planları buna xidmət edir, o, Rövnəq Abdullayevi bir prezident kimi tamamilə federasiyadan uzaqlaşdırmaq istəyir, rəhbərlikdə yer alan digər şəxslərin sabah onun işlərinə qarışmasına, yaxud münasibət bildirməsinə mane olmaq məqsədi güdür.

Ümumiyyətlə, futbolumuzun “sədri-əzəmi” AFFA-nın sabahını başqa cür görmür, özü olmadan təsəvvür etmir. Onu qorxudan budur. Hələlik bəzi dairələrlə əlaqələri qalmaqdadır, öz yalanlarıyla həmin çevrələri inandıra bilir, odur ki, futbol təsərrüfatının başı üzərindən yüz cür oyun oynayır.

İndi vaxt udmaq baş katibin əsas qayəsidir. Qırılan qoşundan gedir, ondan heç nə getmir. Əksinə, o, qazanıb, qazanır və yenə qazanmaq arzusundadır. Adı kimi əzbərdən bildiyi budur ki, bundan belə AFFA-dan kənara çıxsa, heç bir yeni iş yerində bugünkü kimi sərbəst olmayacaq, böyük pullar əldə etməyəcək.

O üzdən bütün gücünü səfərbər edərək, AFFA-ya təsir imkanlarını artırır, başda maliyyə olmaqla, bütün sahələrə nəzarəti ələ keçirmək, beləliklə, vahid nəzarət mexanizmi yaratmaq ideyası ilə çıxış edir. «X» bir şəxsin AFFA-ya gəlməməsi üçün. Bu, bütün işləklərin, maxinasiysaların üstünün açılması demək olardı. Bu gün Elxan Məmmədovun öldüyü odur ki, nə olur-olsun, kənar bir fərd futbol camiəsinin başına gətirilməsin, belə bir istək varsa, qarşısını alsın, bu fikri beşikdəcə boğsun.

Yeni nizamnamədə göstərilir ki, AFFA-nın üzvləri icraiyyə komitəsinə konfransdan 10 gün öncə öz namizədlərini təqdim etməlidir. Növbəti toplantının yanvarın 28-də keçiriləcəyi nəzərə alsaq, deməli, üzvlər ən geci ayın 18-də öz namizədlərini irəii sürməlidir. Hələ bir xəbər yoxdur və böyük ehtimalla, olmayacaq da. Sonda formal bir sənəd ortalığa çıxarıb, guya yığıncaq keçirdikləri barədə məlumat yayacaqlar. Premyeir liqa təmsilçiləri də daxil, bütün üzvlər, açıq demək lazımdırsa, baş katibin «oyuncağıdır».

Təsəvvür edirsiz ki, Elxan Məmmədovun qarşısında ikiqat əyilən Kamran Quliyev, Zaur Axundov, Riad Rəfiyev və başqaları onun iradəsinə qarrşı çıxacaq, həqiqi seçki, təmiz futbol naminə addım atacaqlar? Bu, onların başı üçün deyil. Adlarını çəkdiyimiz və çəkmədiyimiz digər şəxslər elə baş katibin buyruqlarını qeyd-şərtsiz yerinə yetirdikləri üçün hazırkı iş yerlərindədirlər və hamısı bir «qazan»ın adamlarıdır.

«Qazan»dan söz düşmüşkən, “icraiyyə komitəsinin üzvü eyni zamanda həm də AFFA-nın hər hansı hüquqi orqanının üzvü ola bilməz” şərti 34-cü maddənin 8-ci bəndindən çıxarılıb. Buradan bir daha bəlli olur ki, baş katib AFFA-nın ali orqanını öz yaxınlarının hesabına formalaşdırmağı planlaşdırır. Federasiyanın bütün hüquqi orqanları onun adamlarının işlətməsindədir.

Başqa xətlə, yaxud savadı və təcrübəsi sayəsində irəli çəkilən şəxs tapa bilmərik. Futbolun «f» hərfindən anlamayanlar, bu sferada heç bir xidməti, rolu, çəkisi olmayanlar bilavastə Elxan Məmmədovla yaxınlıq ilişkilərinə görə vəzifədədir. Korrupsiya girdabına bulaşmış baş katibə belələri sərf edir: bir daş altda, bir daş üstdə. Bu səbəbdən hüquqi orqanlara yerləşdirdiyi, istədiyi vaxt kar, kor və lal olan şəxsləri icraiyyə komitəsinə üzv etmək onun yararınadır.

Həmin kateqoriyadan