Fərid Qayıbov: Dünya kuboku yüksək səviyyədə təşkil olunub

Bakı atıcılıq mərkəzində güllə atıcılığı üzrə dünya kuboku davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü gününü izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov da olub. “Dünya kuboku yüksək səviyyədə təşkil olunub. Ümumiyyətlə, Azərbaycanda bütün sahələr üzrə, eləcə də idman sahəsində nüfuzlu tədbirlər, yarışlar mütəmadi olaraq keçirilir. Ölkəmizdə idman yarışlarının təşkili üçün hər bir şərait var.

Olimpiya stadionu, Bakı su idmanı sarayı, milli gimnastika arenası və digər müasir tipli idman qurğularında ən böyük tədbirlərin keçirilməsi üçün bütün imkanlar mövcuddur. Ümumiyyətlə, təkcə Bakıda deyil, bölgələrimizdə də bir-birindən gözəl olimpiya idman kompleksləri, mərkəzləri və digər idman qurğularında həm tədbirlərin təşkili, həm də gənc nəslin idmanla məşğul olması üçün lazımi şərait yaradılıb.

Qəbələdə də atıcılıq üzrə dünya kuboku yarışı keçirilmişdi. Yəni, biz bölgələrdə də beynəlxalq səviyyəli turnirlər keçirə bilirik. Təlim-məşq toplanışları üçün də Azərbaycan yaxşı yerdir. Bakı Atıcılıq Mərkəzinə dünyanın müxtəlif ölkələrindən təlim-məşq toplanışına gələnlər də var. Bir sözlə, Azərbaycanda idmanın inkişafı üçün bütün imkanlar yaradılıb”, – nazir açıqlamasında qeyd edib.

Həmin kateqoriyadan