MPK rəsmiləri beynəlxalq iclasda

MPK rəsmiləri beynəlxalq iclasda

Azərbaycan milli paralimpiya komitəsinin (MPK) baş katibi Toğrul Rəhimov və beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əşrəf Qasım Berlində keçirilən beynəlxalq paralimpiya komitəsinin (İPC) üzvlük iclasında iştirak ediblər.

Allsport.az xəbər verir ki, noyabrın 7-dən 9-dək “Birlikdə: Fəaliyyətə çağırış” (“Coming together: A call to action”) devizi altında keçirilən üçgünlük iclasda paralimpiya hərəkatının gələcək inkişaf perspektivləri, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qarşıdakı illər üçün strateji prioritetlər müzakirə olunub.

İPC-yə üzv təşkilatları təmsil edən 250-dən çox nümayəndənin qatıldığı tədbirin əsas müzakirə mövzularından biri qurumun 2027-2030-cu illər üzrə Strateji Planı olub. İştirakçılar növbəti dördillik dövr üçün nəzərdə tutulan hədəf və prioritetlərlə bağlı fikir və təkliflərini bölüşüblər.

Bununla yanaşı, “Vorld para sports” təşkilatının idarəetmə səlahiyyətlərinin ötürülməsi prosesi və 2025-ci il İPC təsnifat məcəlləsinin tətbiqi məsələləri də müzakirə edilib.

Üçgünlük proqram çərçivəsində paraidmanın inkişafı, paralimpiyaçıların idman karyeralarının müxtəlif mərhələlərində dəstəklənməsi, liderlik potensialının gücləndirilməsi və dayanıqlı inkişaf proqramlarının təşviqi mövzularında plenar sessiyalar, panel müzakirələri və praktiki seminarlar təşkil olunub.

İPC-nin prezidenti Endrü Parsons çıxışında paralimpiya hərəkatının gələcək inkişafında əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, iclas zamanı üzvlər tərəfindən səsləndirilən fikir və təkliflərin İPC-nin 2027-2030-cu illər üzrə strateji planının hazırlanmasına mühüm töhfə verəcəyini bildirib.

Həmin kateqoriyadan