Fırtına öncəsi Dunay sahilindən əsib gələn qara yel

Macarıstan paytaxtı Budapeştdə dünya çempionatı fərqli qaydada keçirildi. İlk dəfə komandalar 10 çəkidə mübarizə apardı. Bizimkilər 30 güləşçi ilə cəmi 5 medal qazandı. Onun 4-ü qeyri-olimpiya çəkisində oldu. Hər 3 millinin Dunay sahilinə ən optimal heyətdə yollanmasını nəzərə alsaq, ümumi nəticə düşünməyə əsas verir. Nəyə görə güləşin üzərində dayanıram? Bu, heç də tənqidlərimdən irəli AGF-in hesab etdiyi kimi qərəz yox, sözü gedən növün milli, aparıcı və olimpiadalarda əsas nəticə verən olmasıdır. İstər sovetlər dönəmində (Helsinki-1952), istərsə də müstəqilliyimizdə (Atlanta-1996) ilk olimpiya medalı, ardınca xilasedici «qızıllar» (Sidney-2000, Afina-2004, London 2012) və Pekin-2008 oyunlarından başlayan mükafat artımı (4+7+9) bahadırların payına düşür. Deyərdim ki, uğur baxımından AGF ilə müqayisə olunacaq 2-ci federasiya yoxdur. Amma indi durum fərqlidir. 2 ilə yaxın davam edən maliyyə böhranı bütün yaş qrupları üzrə komandalara təsir edib. Eniş bu ildən artıq özünü büruzə verməyə başlayıb. Həmişə yeniyetmələrin olmpiya oyunlarına tam heyətlə yollanaraq (5 nəfər) orada maksimum nəticə göstərən yığmamız, Buenos Ayres-2018-ə yalnız 2 (sərbəst və qız) idmançı ilə təmsil olundu və 1 yalnız medal qazandı. İş o həddə çatıb ki, artıq dünya çempionatında 4-cü yeri tutmuş yunan-Roma güləş millisini hava limanında böyük fəxrlə, olmayan sevinclə, təmtəraqla qarşılayırlar. Öncələr, AGF rəhbərliyi mötəbər böyük yarışlarda 3-cu yer üçün görüşlərə belə baxmazdılar. Çünki finaların, qızıl medalların sayı-hesabı yox idi.

Budapeştdə sərbəstlərin çıxışı fiasko oldu. Kapitan Cəbrayıl Həsənov (79 kq) son anda gəmini xilas etməysədi, milli 2005-ci ildən bəri ilk dəfə Vətənə medalsız dönəcəkdi. Heyətdə yer alan Pərviz İbrahimovla (61 kq) Murad Süleymanovun (86 kq) uğursuzluğunu anlamaq olar, hər ikisi gəncdir və ilk dəfədir dünya çempionatına qatılmışdı. Lakin digər debütantlar – legionçular Hacımurad Hacıyevin (70 kq) və Əbubəkr Abakarovun (74 kq) yenilgisi ilə barışmıram. Əgər onlar elə ilk cəhddə uduzacaqdılarsa, qoy bu çəkilərdə də cavanlarımız yollanardı. Axı onlar özümüzkülərdir! Üstəlik, böyük yarışın ab-havasını hiss edib, indidən özlərini gələcək dünya çempionatlarına hazırlayardılar. Boşluqda yerli gənclərə fürsət verilməyəndə, nə vaxt veriləcək? Bu azmış kimi, olimpiya və dünya çempionu Şərif Şərifov (92 kq), ötən eyni yarışın mükafatçıları Aslanbəy Alborov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) asan təslim oldular. Belə məlum olur ki, sərbəst güləş millisinin işi Allaha qalıb. Dağıstanlı legionçular isə, yavaş-yavaş dövrlərini başa vururlar. Artıq vitse-prezident Məhəmməd Əliömərov da yoxdur. Qovulub. Daha komandaya selnən əcnəbilər gətirilməyəcək. Yeni dəvət edilən dağıstanlı menecer Rizvan Gənciyev boksda əlaqəsi yaxşıdır, nəinki güləşdə.

Firdovsi Umudova gəlincə, hələ gec deyil: siyasətdən, vitse-prezidentlikdən və özünü reklam etməkdən yığışıb baş məşqçiliyi ilə məşğul olsa, yaxşıdır. Qurban Qurbanovun düşdüyü durumdan nəticə çıxarmalıdır. Komandada eniş dönəmində 2 cəbhədə çalışmaq mümkün deyil, mütləq birində axsayıb uduzacaqsan. Bir də, «Şöhrət» və «Tərəqqi» ordenli mütəxəssis anlamalıdır ki, dünya çempionatı Avropa deyil – Kaspiskdə ardıcıl 2 qızıl medaldan sonra zalda tamaşaçıların gözü önündə jurnalistin üstünə qışqırıb hədə-qorxu gələsən, elliklə birləşib media zonada onun işləməsinə mane olasan. Yeri gəlmişkən, yeni mətbuat katibi də artıq havaya uyğunlaşıb. Yazır ki, istəsəydilər tənqid edən jurnalistə güləşçilər açıqlama verməzdi. Döyüş vaxtı ağ bayraq qaldıranda, düşmən güllə atmır. Media zona bitərəf bir yerdir. Orda səs salmaq, təpik atmaq, işə mane olmaq və ölkəsini alçaltmağı, fikrimcə, Afrikada yaşayan buşmənlərlə qottentotlar belə etməz.
Sərxan Musalı tənqidi qərəz adlandırır. Amma unudur ki, əsl qərəzi elə özləri edirlər: bayraq, Vətən, millət, xalqdan dəm vuranlar öz hesabına Budapeştə yollanıb güləşçilərin çıxışını işıqlandırmaq istəyən jurnalistin viza almasına mane oldular, dünya çempionatı ərəfəsində və orada Mariya Stadnikdən özəl müsahibələri AGF-in rəsmi feisbuk səhifəsində yerləşdirmədilər. Keçmiş həmkarım artıq sosial şəbəkədə şəkillərimə «bəyəndim» (layk) etməkdən çəkinir, səfərdə bir rusdilli yazarın qorxusundan aralı gəzməyə çalışır və niyə axı indi sən keçmiş baş katibi yazılarında tərifləyirsən soruşur. İndi siz ictimai təşkilata baxın, bunlardan yaxşı baməzə film çəkmək olar.

Sərbəstlərlə müqayisədə, sözsüz ki, yunan-Roma güləş yığmasının çıxışını yaxşı saymaq olar. Şaban Donatın ən azı, öyünə biləcəyi məqam var: ümumi komandalar üzrə Eldəniz Əzizlinin (55 kq) qazandığı yeganə qızıl medal! Rəsul Çunayev (72 kq) açıqlamasında dedi ki, Avropa çempionatından sonra zədəsini sağaltmaqla məşğul olub və məşqlərə son 2 həftədə başlayıb. Hərçənd, onun «bürünc»ünə İslam Abbasov (87 kq) da hay versəydi, çox yerinə düşərdi. Təəssüf ki, gənc bahadırın 3-cü yer üçün görüşdə erməniyə yenilərək «Laslo Papp»da ağlaması, hamımızı dilxor etdi.
Bu yarışda ən sevindrici məqam baş məşqçi Aslan Ağayevin adına layiq nəticə verməsiydi. Mariya Stadnikin (50 kq) finalda yapon səddinə ilişəcəyi artıq bütün idmansevərlərə bəllidir. Amma Rusiya kimi nəhəng, güləşdə aparıcı ölkənin Azərbaycanla müqayisədə, qadınlarda bir dənə də olsun medala sahib çıxmaması, üstəlik, İrina Netrebanın (65 kq) da fərqlənməsi, biz tərəfdən fərəhliydi.

Budapeştdə keçirilən dünya çempionatının son final fitindən sonra, Tokio-20-yə rəsmən hazırlıq dönəmi başladı. Gələn il Qazaxıstanda təşkil ediləcək yeni yarış olimpiya oyunlarına vəsiqə verəcək. Ola bilsin, komandalarımız bu dəfə də «dördilliy»ə böyük heyətdə yollansın. Lakin Yaponiyada mənzərə tam fərqli olacaq. Axırıncı dəyişikliklər hazırlıqla yeni yanaşma tələb edir. İnanmıram ki, bizimkilərin konkert bir proqramı olsun. Aydın görünür ki, çəkilərin 10-a yüksəldilməsindən sonra Rusiya, İran və ABŞ kimi nəhəng güləş ölkələri ilə ayaqlaşa bilmirik. Onlara başabaş rəqabət Almaniyanın hər 2 Cahan savaşında 2 cəbhədə mübarizə aparmasına bənzəyir. Belə taktika məhvə aparır. İndi konktert liderlərin üzərində dayanmaq, kəmiyyətdən keyfiyyətə keçmək lazımdır. Qeyri-olimpiya çəkilərində gənc bahadırlarımıza fürsət yaradılmalıdır. Qoy onlar güləşə-güləşə böyük yarışlarda təcrübə toplasınlar. Çəkilərini dəyişəndə, hazır nəticə verə biləcək durumda olsunlar. Konkret proqram ortaya qoymaq üçün məşqçilər şurası yaradılmalı, rəylər nəzərə alınmalıdır.

Olimpiya uğurları tək zəfər anı deyil. Bu hər ötən dövrün hesabat məqamı, ələlxüsus da cəmiyyətdə oynadığı rola görə həm də milli-mədəni, sosial-məişət dəyərlərinin daşıyıcılarından biri olmaqla inkişaf səviyyəsinin göstəricisidir. Demək, hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Bu uğurların imtahan məqamı isə qarşıdakı 2 ildə də qorunacaq səviyyə ilə ölçüləcəksə, son sözü, əlbəttə ki, 2020-ci ildə yetişəcək Tokio oyunları deyəcək.

Kamran HACI

Həmin kateqoriyadan