“İdman”ın keçmiş əməkdaşı 82 yaşında dünyasını dəyişib

Azərbaycan futbol ictimaiyyətinə ağır itki üz verib. Allsport.az saytı xəbər verir ki, uzun sürən xəstəlikdən sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əməkdaşı, əməkdar jurnalist Abbas Əzim oğlu Əzimov ömrünün 82-ci ilində dünyasını dəyişib. O, 19 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. Bakı neft texnikumunda oxuduğu illərdə (1956-1959) “Dinamo” cəmiyyətində əməkdar məşqçi Əfqan Səfərovun rəhbərliyi altında atletika ilə məşğul olmağa başlayıb. Həmin illərdə orta ixtisas məktəbləri arasında keçirilən spartakiadalarda iştirak edib, 5000 və 10000 metr məsafələrə qaçanlar arasında mükafata layiq yerlər tutub.
1967-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. Ali məktəb tələbələri arasında keçirilən yarışlarda da uğurla çıxış edib, fəxri fərmanlara təltif edilib. Əzimov Azərbaycan və Bakı çempionatlarında “Dinamo”nun şərəfini qoruyub. Universitetdə oxuduğu illərdə yüngül atletika üzrə hakimliyə başlayıb. 1962-ci ildə respublika, 1969-cu ildə isə ümumittifaq dərəcəli hakim adını qazanıb. 1980-ci ildə Moskvada keçirilən yay olimpiya oyunlarında hakimlik edib. Yaxşı hakimliyinə görə olimpiadanın xatirə medalına layiq görülüb. Bundan əlavə, Avropa çempionatı, Avropa kuboku, “Dostluq-84” və bir çox beynəlxalq turnirlərdə hakimlik edib. O, 1964-cü ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olub.
1962-ci ildən 1997-ci ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində idman proqramları redaksiyasında müxtəlif vəzifələrdə çalışıb. 1995-ci ilin idman yekunlarına görə Abbas Əzimov ilin ən yaxşı idman jurnalisti seçilib. 1997-ci ildən Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİBS) üzvü olub. Əzimov 2008-ci ildə Azərbaycan Respublikasının əməkdar jurnalisti adına layiq görülüb. “Neftçi-70”, “Futbolumuzun futzal salnaməsi”, “Xatirələrdə yaşayanlar” və “Azərbaycan Milli Komandası” kitablarının müəllifidir. 1997-ci ilin aprelindən Azərbaycan Futbol Federasiyaları Assossiasiyasında çalışırdı.

Həmin kateqoriyadan