“İnter”in müdafiəçisi: Hakim penaltimizi vermədi, cavab matçında çətin olacaq

“Hesab 0:0 olarkən hakim penaltimizi vermədi. Mən düşünürəm ki, orada cərimə var idi”. Allsport.az saytı xəbər verir ki, bu sözü “İnter”in müdafiəçisi Məhəmməd Mirzəbəyov deyib. Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində “Neftçi”yə 0:2 hesabı ilə uduzduqları görüşü şərh edən gənc futbolçu, qol epizodlarını qaçırdıqlarını vurğulayıb:

“Qol vurmaq üçün şanslarımız oldu. Lakin onları dəyərləndirə bilmədik. Əvəzində rəqib qol vurdu. Necə deyərlər, vurmayana vurarlar. Hesabı açdıqdan sonra isə “Neftçi” arxaya çəkildi. Belədə onların qapısına yol tapmaq daha çətin idi. İkinci yarıda daha bir qol buraxdıq. Biz fərqlənə bilmədik. Əvəzində “Neftçi” şanslarını dəyərləndirdi”.

Futbolxeber.az saytına verdiyi müsahibədə Mirzəbəyov cavab oyunu öncəsi işlərinin çox çətin olduğunu da bildirib: “Baş məşqçimizin də dediyi kimi, biz səfərdə qol vurmalıydıq. Lakin bunu bacarmadıq. Səfərdə fərqlənsəydik, işimiz daha asan olardı. İndi isə vəziyyətimiz çox çətindi. “Neftçi” 2:0 hesablı qələbə qazanıb. Bunun əvəzini çıxmaq asan deyil. Bununla belə, təslim olmuruq. Sona kimi əlimizdən gələni edəcəyik ki, finala çıxaq”.

Həmin kateqoriyadan