Kamran Ağayev dekabrın 1-də klubsuz qala bilər

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev dekabrın 1-də Türkiyənin “Karşıyaka” klubunu tərk edə bilər. Allsport.az xəbər verir ki, belə bir iddia ilə Türkiyə mətbuatı çıxış edib.

Məsələ burasındadır ki, İzmir klubunda ciddi maliyyə problemləri var. Məhz bu üzdən futbolçuların 3 aydan çoxdur ki, məvaciblərini almadıqları bildirilir.

İddialara görə, bu səbəbədən heyətdəki əcnəbilər komandanı tərk edəcəklər. Bu futbolçuların Kamran Ağayev, İqor Duriç (Serbiya), Aleksandr Amisulaşvili (Gürcüstan), Seniyad İbriçiç (Bosniya və Herseqovina) və Djibi Fall (Seneqal) olduğu deyilir.

Sentyabr və oktyabrın maaşını almayan əcnəbilərə dekabrın 1-dək ödəmə edilməsə, onlar komandanı tərk etmək qərarı verəcəklər. 5 futbolçunun alacağı isə 3,7 milyon lirədir (1 400 000 manar). Lakin bir həftə ərzində borcun ödənilməsi gözlənilmir.

“Karşıyaka”da maliyyə durumunun düzəlməsi üçün klub prezidenti Ali Ərtən istefa verməlidir. Klubun sponsoru Ərdal Acar bildirib ki, prezidentin istefasından sonra borcları dərhal ödəyəcək.

Qeyd edək ki, “Karşıyaka” PTT 1-ci liqasında 12 turdan sonra 12 xalla 15-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan