“Neftçi” 13,1 milyon manatın başına nə oyun açıb?

“Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov klubun ötənilki büdcəsi barədə danışıb. Allsport.az xəbər verir ki, o, klubun kanalına açıqlamasında bunu deyib:

“Təxminən bir ay əvvəl müşahidə şurasına hesabat verdik. Hesabatda maddi-texniki baza, gəlirlər və xərclər haqqında məlumat əksini tapıb. Əsas sponsor SOCAR-dır, onlarla əməkdaşlıq davam edir. Kluba UEFA-dan da vəsait daxil olub. Ötən mövsüm Avropa liqasında 2 mərhələ adladıq. Bu, büdcəyə kifayət qədər təsir edib.

Eyni zamanda uşaq futboluna görə UEFA-dan vəsait gəlir. Futbolçuların yığmada çıxış etməsinə görə də vəsait daxil olub. “Türk Hava Yolları” və “Mega Sığorta” da sponsorumuzdur. Ötən mövsüm digər daxilolmalar bilet satışından olub. Biz daim biletlər və bəzi atributlarımızı satırıq. Amma bunlar kifayət etmir. Təbii ki, nə qədər çox vəsait olsa, heç kim deyə bilməz ki, məni qane edir”. 

Eyvazov flaqmanın xərclərinin ötən mövsüm 13,1 milyon manat olduğunu sözlərinə əlavə edib: “Onun 50 faizinə qədəri əsas komandanın payına düşüb. Buraya tək futbolçuların əməkhaqqı daxil deyil. Onların qidalanmasından tutmuş, təlim-məşq toplanışına qədər hər şeyi əhatə edir”.

Həmin kateqoriyadan