“Neftçi”də azarkeşlərlə görüş baş tutdu

Bu gün “Neftçi”nin təlim-məşq bazasında azarkeşlərlə görüş keçirilib. Allsport.az xəbər verir ki, görüşdə klubun idman direktoru Vəli Qasımov, komandanın baş məşqçisi Samir Əliyev, futbolçular – Ruslan Qurbanov, Elşən Abdullayev və Kaue iştirak ediblər.

Azarkeşlərin transferlərlə bağlı sualını cavablandıran idman direktoru Vəli Qasımov bu istiqamətdə çalışmaların davam etdiyini bildirib: “Bəzi mövqeləri gücləndirmək istəyirik. Futbolçu seçimində diqqətli olmalıyıq. Çalışırıq ki, təklif olunanlardan ən yaxşılarını və “Neftçi”yə maksimum fayda verə biləcək futbolçular seçək”.

Xoş və çətin günündə komandanın yanında olduğu üçün fanatlara təşəkkürünü bildirən baş məşqçi Samir Əliyev onların dəstəyinə hər zaman böyük ehtiyacın olduğunu deyib: “Komandamız gənc futbolçulardan qurulub. Bilirik ki, azarkeşlər bizdən nəticə tələb edir. Bunu qazanmaq üçün zamana ehtiyac var. Çatışmayan cəhətlərimiz var və biz bunlar üzərində çalışırıq. Komandamız gündən-günə daha yaxşı oyun sərgiləyir. Siz qarşınızda nizam-intizamlı və mübariz bir komanda görəcəksiniz”.

Futbolçular isə yeni mövsümə yüksək səviyyədə hazırlıq keçdiklərini vurğulayıblar. Onlar bildiriblər ki, azarkeşlərin də dəstəyi ilə komandanın uğur qazanması üçün əllərindən gələni edəcəklər.

Həmin kateqoriyadan