“Oyunun ədalətli nəticəsi heç-heçə idi”

Bu gün “Kəpəz” premyer liqanın 10-cu turunda Tovuzda “Zirə” ilə sülh bağladı (0:0). Allsport.az saytı xəbər verir ki, görüşdən sonra meydan sahiblərinin baş məşqçisi Azər Məmmədov bunu söylədi:

“Əvvəlcə Tovuz şəhərinin, eləcə də “Turan Tovuz” klubunun rəhbərliyinə bu vəziyyətdə bizə belə şərait yaratdıqlarına görə təşəkkür etmək istəyirəm. Bizi dəstəkləyən yerli azarkeşlərə də minnətdaram. O cümlədən Gəncədən gələn fanatlarımızı da unutmaq olmaz. Onların böyük dəstəyini hiss edirik. Oyuna gəlincə, görüşü iki fərqli hissəyə bölmək olar. Birinci hissədə komandamız düşünürəm ki, daha yaxşı oynadı. Çalışdıq ki, qol vuraq. Amma alınmadı. Daimi olaraq təbii meydançada məşq etməyimiz və oynamağımız təsirsiz ötüşmədi. Ona görə ikinci hissədə süni meydança gücümüzə təsir etdi. “Zirə” çempionatın güclü, ən az top buraxan komandalarındandır. Yaxşı müdafiə olunan kollektivdir. Oyunun ədalətli nəticəsi heç-heçə idi”.

Həmin kateqoriyadan