“Qarabağ” mükafatını aldı

Bu gün Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün çempionu olan “Qarabağ” klubu mükafatlandırıldı. Allsport.az xəbər verir ki, “Azərsun Arena”da baş tutan, amma pandemiya ilə əlaqədar olaraq kütləvi keçirilməyən tədbirdə “Qarabağ” klubunu vitse-prezident Tahir Gözəl, direktor Əmrah Çəlikəl, baş menecer Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov, kapitan Rəşad Sadıqov və mövsümün bombardirlərindən olan Mahir Əmrəli təmsil etdilər.

Təqdimetmə zamanı əvvəlcə Peşəkar futbol liqasının prezidenti Ramin Musayev çıxış edərək “Qarabağ”ı növbəti çempionluq münasibəti ilə təbrik edib, çempionlar liqasında uğurlar arzuladı. Çıxışın ardından Mahir Əmrəli mövsümün bombardiri üçün hazırlanmış xüsusi mükafata sahib çıxdı. I divizionun bombardiri olan Musa Qurbanlı isə tədbirdə iştirak etmədiyi üçün onun mükafatı məşqçisi olmuş Rəşad Sadıqova verildi.

Qeyd olunan şəxslər medallarını əldə etdikdən sonra sonda PFL prezidenti çempionluq kubokunu kapitan Rəşad Sadıqova təqdim etdi. Sadıqov və Emrelinin kuboku götürdükdən sonra boş tribunalar önünə gedib, bir növ onları azarkeşlərlə bölüşürmüşlər kimi davranması kubokun qazanılmasında azarkeşlərin rolunu əks etdirən simvolik mesaj idi. Komandanın digər üzvlərinin medalları Ağdam klubunun rəhbərliyinə təqdim olundu.

Həmin kateqoriyadan