Duyğusal hissini cilovlaya bilməyən “Qarabağ”ın əməkdaşına cəza tətbiq edilib

“Qarabağ” mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı açıqlama yayıb. Allsport.az saytı xəbər verir ki, onun neçə gün öncə şəxsi Feysbuk hesabında paylaşımı klubun mövqeyini əks etdirmir.

“Son günlərdə Ermənistan tərəfindən Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə atılan ballistik raket zərbələri nəticəsində günahsız dinc əhali arasında uşaq və qadınların dünyasını dəyişməsi xəbərini və görüntülərini sosial şəbəkədə izləyərkən psixoloji travma keçirən və həmin anın emosionallığına qapılan klubumuzun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov öz Feysbuk səhifəsində təcavüzkar ölkənin millətinə qarşı dövlətimizin mövqeyinə və “Qarabağ” futbol klubunun prinsiplərinə zidd olan sözlərdən istifadə edib.

Bildiririk ki, qəddarlığa qarşı duyğusal hisslərini ani olaraq idarə edə bilməyən Nurlan İbrahimovun sosial şəbəkədə yazdığı və sonradan peşmançılıq çəkərək sildiyi ifadələr şəxsən özünə aid olmaqla “Qarabağ”ın mövqeyini əks etdirmir və klubumuz tərəfindən dəstəklənmir.

Onun hərəkəti Azərbaycan qanunvericiliyinə əsasən məsuliyyət yaratdığı üçün, hüquq-mühafizə orqanları tərəfindən inzibati xətalar məcəlləsinin (İXM) 388-1.1.1-ci maddəsi ilə inzibati iş başlanaraq, baxılması üçün məhkəməyə göndərilmiş və məhkəmə tərəfindən müvafiq cəza tətbiq edilmişdir.

Bununla yanaşı, klubumuzun daxili mizam intizam kodeksinə uyğun olaraq Nurlan İbrahimovun hərəkəti İntizam Komisiyasında müzakirə edilərək barəsində müvafiq intizam tənbehi tətbiq ediləcəkdir.

“Qarabağ”bir daha bəyan edir ki, klubumuzun əməkdaşları bu həssas dönəmdə belə paylaşımlardan uzaq durmalı, humanizm prinsiplərinə sadiq qalmalı və dövlətimizin qanunlarına tam əməl etməlidirlər”, – açıqlamada bildirilib.

Həmin kateqoriyadan