“Qartallar”dan yubiley qələbə

“Zirə” Azərbaycan kubokunda 10-cu qələbəsini qazanıb. Allsport.az xəbər verir ki, bu, 1/8 finalın “Qaradağ Lökbatan”la matçına təsadüf edib.

Turnirdə 18-ci oyununu keçirən “qartallar” yubiley qələbəsini 4 cavabsız qolla əldə edib. Qəsəbə təmsilçisi kubokda 5-ci dəfə səfərdə qalib gəlib.

“Zirə” ölkə kubokunda ilk böyükhesablı səfər qələbəsini qazanıb. Ümumilikdə isə bu, 3-cü belə nəticə olub. 2017/18 mövsümündə “Xəzər”i üç, 2019/20 mövsümündə “Qaradağ Lökbatan”ı dörd cavabsız qolla məğlubiyyətə uğradan “qartallar” hər iki rəqibini evdə yenmişdi.

Komanda həm də özünün kubokda ən böyükhesablı qələbə rekordunu təkrarlayıb. 2019-cu il dekabrın 4-də evdə “Qaradağ Lökbatan”ın qapısından 4 cavabsız top keçirən “Zirə” bu dəfə eyni rəqibi səfərdə həmin hesabla üstələyib.

Oyunda vurulan ikinci top klub tarixinə kubokdakı 25-ci qol kimi düşüb. Yubiley qoluna Davit Volkov imza atıb.

Həmin kateqoriyadan