LAYİHƏ
«Qızıl qran-pri»nin qızıl anları

Hər il olduğu kimi, bu dəfə də dünyanın reytinqli ölkələrinin pəhləvanları Bakıya toplaşacaqlar. 24-26 oktyabrda Heydər Əliyev adına İdman Kompleksində “Qızıl qran-pri”nin final mərhələsi keçiriləcək. Bu mövsümkü yarış əlamətdarlığı ilə yadda qalacaq. Düz 10 il əvvəl startı verilən “böyük mükafat” seriyasının həlledici mübarizəsinin ev sahibi məhz Azərbaycandır.
2006-cı ilin sonunda AGF-in rəhbərliyində baş verən dəyişiklikdən sonra, adı çəkilən yarış müasir Azərbaycan ictimai-siyasi fikrinin siması, dövlət xadimi Heydər Əliyevin adını daşımağa başladı. Bu, 2008-ci ildə baş verdi. Beynəlxalq qurumun o vaxtı rəhbər Rafael Martinettinin fikrinə görə, FİLA-nın (indiki – UWW) gələcəyinin müəyyən edilməsində həlledici rol oynayacaq həmin mücadilə dünya güləşi üçün qiymətsiz bir layihəyə çevrilir. O, təkcə bugünkü Azərbaycanın qurucusu olan bir şəxsiyyətə hörmət və ehtiramın nümunəsi deyil, eyni zamanda, onun adının bütün dünyada güləşin yeni erasının başlanğıc rəmzinə çevrilməsi deməkdir. Ümumiyyətlə, yarışın keçirilmə məqsədi, onun ən məsul mərhələsinin ölkəmizə həvalə edilməsinin böyük mənası və hər iki tərəf üçün əhəmiyyəti var. Gəlin FİLA-nın “qran-pri” ideyasına, onun sirlərinə, məzmun və formasına, mahiyyətinə lap əvvəldən nəzər salaq. Bunun üçün 2002-ci ilə qayıtmaq lazımdır.

1971-ci ildə fransalı prezidenti Rojer Kulon dünyasını dəyişdikdən sonra, FİLA rəhbərliyinə gələn güləş tarixinin ən böyük təşkilatçılarından biri Milan Erseqan 2002-ci ildə postunu təhvil verdi. Bu yerə ən real namizəd Rafael Martinetti sahib çıxanda, artıq hər kəs bilirdi ki, bu idman növündə yeni era başlanır. İşə “Güləşin yeni dünyasına xoş gəlmisiniz” şüarı ilə başlayan italiyalının fəaliyyətinin modernləşmə strategiyasının təməl prinsiplərindən biri növün daha geniş yayılması, digəri – qurumun işinin peşəkarlaşdırılması və maliyyə dayaqlarının möhkəmləndirilməsi idi. Atılan addımlar, irəli sürülən layihələr arasında “qran-pri” ideyası məhz bu məqsədlərə xidmət göstərdiyindən, daha çox seçilir. Bu mənada, mükafat yarışını onun rəhbər karyerasının ən əhəmiyyətli və rolu danılmaz layihəsi saymaq olar.

Söz yox ki, hər bir işin başlanğıcında problemlər, çətinliklər olur. Lakin məqsəd aydın, məram bəlli, niyyət təmizdirsə, bütün planlar gec, ya tez həyata keçir və uğur gətirir. Belədə, FİLA Azərbaycan Güləş Federasiyası və ölkəmizdən olan tərəf-müqabilləri sayəsində özünə böyük dayaq qazandı. Martinetti o vaxtı belə deyib:
– Bu kommersiya layihəsidir. Bütün məşhur, adlı-sanlı güləşçiləri bu yarışa toplamaq üçün turnirin mükafat fondunun əhəmiyyəti böyükdür. İl-ildən bu məsələdə irəliləyişlər var. Məsələn, 2009-cu il yarışının final mərhələsinin mükafat fondu 400 min, Yarıgin seçmə mərhələsində 100 min dollar idi. Əlbəttə, qran-pri seriyasında ilk addımları atırıq və hələ onun keçirilməsin ilə bağlı optimal qərarları axtarırıq. Ola bilər ki, gələcəkdə onu dünya çempionatlarından sonra – mövsümün yekun akkordları kimi keçirək. Elə belə də oldu: baxmayaraq ki, indi qurumun başında serbiyalı Nenad Laloviçdir – adəti üzrə yayda keçirilən mükafat yarışının final mərhələsi indi payıza təsadüf edir.

Bu yarışların əhəmiyyəti və rolu get-gedə artmaqdadır. Sadəcə, bir nümunəni misal çəkmək olar. Yəqin ki, 2008-ci ilin yekunlarını xatırlayırsınız. FİLA “İlin ən yaxşı”larını müəyyənləşdirəndə, 55 kq-da çıxış edən Rövşən Bayramovu yunan-Roma növü üzrə mövsümün qəhrəmanı seçmişdi. O vaxt bir çoxlarını bunun nə demək olduğunu anlamadılar. Qonşu Rusiyada isə etiraz səsləri ucaldı. Axı, həmin il Pekin olimpiadasının finalında həmyerlimiz qələbənin bir addımlığında ikən rusiyalı rəqibinə yenilmişdi. Rusiya mətbuatına son müsahibələrindən birində, Martinetti “FİLA ilin ən yaxşı güləşçilərini necə seçir” sualına da onun cavabı kimlər üçünsə qaranlıq olan bir həqiqəti açıqlayır.
– Bilirəm, sualınız belə səslənməlidir: “nə üçün 2008-ci ildə Buvaysar Saytiyev ən yaxşı seçilmədi?”. İlin “ən yaxşılar”ını seçəndə, biz idmançının il ərzində göstərdiyi nəticələri hesablayırıq. 2008-ci ildə Buvaysar Saytiyev həqiqtən tarixi uğura imza ataraq, 3-qat olimpiya çempionu oldu. Ancaq o, ilin digər yarışlarında iştirak etməmişdi. Bizsə, mövsümün bütün əsas turnirlərinin nəticələrini nəzərə alırıq.

Qeyd edək ki, beynəlxalq güləş təşkilatının müəyyən etdiyi prinsiplər çox sadə və ədalətlidir: olimpiya oyunlarında ilk 3 yerə görə xallar 12, 11 və 10-dur. Dünya çempionatında fəxri kürsünün ilk 3 pilləsinin reytinq qiyməti 11, 10 və 9; “Qızıl qran-pri”də 10, 9, 8; qitə çempionatlarında isə 9, 8, 7-dir.
Elə bu dərəcələmənin özü “Qızıl qran-pri” layihəsinin əhəmiyyətini müəyyənləşdirir. Amma tək bu deyil. Bu tədbirin legitimliyini artırmaq, onu möhkəmləndirmək üçün hələ çox işlər görülməlidir. Həmin istiqamətdə atılan addımlardan biri, ötən ildən Bakıya yalnız mötəbər yarışlarda fərqlənən güləşçilərin buraxılmasıdır. Bəli, artıq «Qızıl qran-pri»nin final mərhələsinin çəkisi artır.

Bütün qeyd olunanlarla yanaşı, yarışın ölkəmiz üçün də əhəmiyyətini vurğulamalıyıq. Azərbaycanda güləşin dayaqlarının möhkəmlənməsi, tarixi ənənələrin daha böyük miqyasda canlanması, irsiyyətin qorunması, yeni güləşçi nəslinin yetişməsi, püxtələşməsi və böyük yarış təcrübəsi toplaması, bir sözlə, inkişaf baxımından «Qızıl qran-pri»nin əvəzolunmaz təsir gücü var. Müasir Azərbaycan güləşinin canlı əfsanəsi Namiq Abdullayevin karyerasını başa vurmasının elan olunduğu yarış kimi tarixə düşən qran-prinin (2009), həm də təşkilatçılıq baxımından Azərbaycan idmanında xüsusi yer tutur.

UWW təqvimində özəl yer tutan bu mükafat yarışlarının cari seriyaları Xovatiya (Zarqreb), Macarıstan (Sombateli), Almaniya (Dortmund) və İspanyada (Madrid) keçirilib. Beləcə, artıq mübarizə meydanı qızışan, ənənələri yaranan və müqayisəli təhlil üçün əməli nəticələri olan daha bir rəqabətin astanasındayıq. Onun nəticələri isə həm də federasiyanın son bir ildə fərqli sahələrdə həyata keçirdiyi yeniliklərin də süzgəcindən keçirilərək, vahid mənzərəni yaratmağa kömək edəcək.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 

Həmin kateqoriyadan