Qurban Qurbanov: Bu oyunun nəticəsi turnir cədvəli üçün həlledici deyil

Avropa liqasının “E” qrupunun 2-ci turunda “Düdelanj” – “Qarabağ” oyunundan öncə komandamızın mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, öncə baş məşqçi Qurban Qurbanov danışıb: 

“Oyuna yaxşı hazırlaşmışıq. İlk oyunda APOEL-lə qarşılaşmada rəqib öz gücünü göstərib. Komandamızda zədəli futbolçular var, amma biz bu haqda düşünmürük. Əlimizdə olan futbolçularla ən yaxşısını etməyə çalışacağıq. Bu oyunun nəticəsi turnir cədvəli üçün həlledici deyil. Bəzən son oyunlarda istədiyimiz nəticəni qazanmışıq, bəzən isə əldən vermişik. Qarşıda hələ 4 oyunumuz var. Müasir futbolda çox şey dəyişib, bütün komandalar bir-birini məğlub edə bilər. “Düdelanj” da bu matçın autsayderi deyil, biz məsələyə bu aspektdən baxmırıq”.

Sonra “Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintana söz alıb: “Bu rəqiblə 4 il əvvəl qarşılaşmışıq. Amma indiki “Düdelanj” tam başqa komandadır, yetəri qədər təcrübələri var, tamamilə fərqli oyun olacaq. Sabahkı oyunda maksimum diqqətli olmalıyıq”.

Həmin kateqoriyadan