“Rəqibi daim basqı altında saxladıq”

Bu gün “Kəpəz” premyer liqanın 28-ci turunda evdə “Səbail”ə 1:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Tərlan Əhmədov bunu dedi:

“Gəncəli azarkeşlərə təşəkkür edirəm. Onlar bizə böyük dəstək oldular. Bu gün nəticə üçün oynayırdıq. Sevinirəm ki, istəyimizə nail olduq.

Rəqibi daim basqı altında saxladıq. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Komanda yüksəlişdədir. Bunu sonacan qorumaq lazımdır.

Düzdür, meydanın durumu ürəkaçan deyil. Amma peşəkar üçün bu bəhanə olmamalıdır. Heyəti gələn mövsüm üçün qorumalıyıq. Futbolçulara digər klublardan təklif var.

Gələn çempionatda komanda üzvlərinin maaşı artmalıdır. 2 ay məvacibin verilməsində gecikmə var. Bunun həllinə söz veriblər”.

Mütəxəssis, sonda millimizin Avro-2024-ün seçmə qrup mərhələsinə uğursuz başlamasına da toxundu: “Milli komanda o zaman güclü olacaq ki, “Neftçi” klubu öz keçmiş qüdrətinə qayıdacaq”.

Kamran HACI, Gəncə

Həmin kateqoriyadan