“Kəlbəcərdə, Laçında və Xankəndində bayrağımızı sancacağıq”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov premyer liqanın 5-ci turunda “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qələbəni şərh edib:

“Oyuna köklənmək çox çətin idi. Şəxsi həyat və iş haqqında düşünmək çətindir. Allah ordumuza, xalqımıza və dövlətimizə yardım etsin. İnanıram ki, tezliklə torpaqlarımızı azad edəcəyik. Allah ordumuza kömək olsun. Amma məcburən işimizi görməliyik. Oyunumuzda belə gedişat gözləmirdim. Rəqib matça yaxşı başladı. Oyunu müdafiədən qurub, səhv etmələrini gözlədik. Amma etmədilər. 100 faizlik qol epizodumuz olmurdu. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Amma futbol səhv oyunudur, kim istifadə edirsə, o da qalib gəlir.

İtkilərimiz var idi, heç-heçə yaxşı nəticə hesab olunardı. Uğur qazanmaq komandanı rahatlaşdıra bilər. Futbolçulara da demişəm ki, ələ düşən fürsətlərdən istifadə etmək lazımdır. 1-2 xal irəliləmək böyük üstünlük deyil. Gücümüz çatdığı qədər yaxşı mübarizə aparmağa çalışacağıq”.

Azərbaycan millisinin keçmiş kapitanı cəbhə bölgəsində baş verənlərlə bağlı bunları deyib: “Məndə inanılmaz inam var. Çox şükürlər olsun ki, dövlətimizin və ordumuzun gücü sayəsində irəliləyirik. Şəhidlərimiz də olub. Ailələrə səbir diləyirəm. Ümid edirəm ki, Kəlbəcərdə, Laçında və Xankəndində bayrağımızı sancacağıq. İnanıram ki, yaxın gələcəkdə hamı sevinəcək”.

Həmin kateqoriyadan