Rəzalət: “Neftçi” İsmət Qayıbovun adından imtina etdi

Bu gün “Neftçi” klubu ilə “Türk Hava Yolları” arasında əməkdaşlıq müqaviləsi bağlandı. Bakı olimpiya stadionunda tərəflər 1-illik sözləşdilər. Razılaşmaya əsasən, “ağ-qaralar”ın məşq futbol geyimlərində, sosial şəbəkə hesablarında, o cümlədən, bilbordlarda, çap materiallarında, biletlərdə, dəvətnamələrdə və digər məlumat məhsullarında aviaşirkətin loqosu öz əksini tapacaq. Həmçinin paytaxt təmsilçisinin təlim-məşq bazası “Türk Hava Yolları futbol mərkəzi” adlandırılacaq. Əməkdaşlıq bu il üçün pilot layihə olacaq, gələcəkdə daha genişləndiriləcək. Azərbaycanın ən köklü klubunun dünyanın ən böyük avia şirkətlərindən biri ilə tərəfdaşlığı sevindirici haldır. Amma burada bir həssas məqam diqqəti çəkir: İsmət Qayıbov adına təlim-idman bazasının adının dəyişdirilməsi. “Neftçi”nin prezidenti bu barədə belə dedi: “Bizim məşq mərkəmizinin adı bundan sonra “Türk Hava Yolları” adlanacaq. Hazırda bu məsələyə böyük diqqət yetiririk. Bizim bütün layihələrimizdə “Türk Hava Yolları”nın adı hallanacaq”. Kamran Quliyev mətbuat konfransında allsport.az-ın bu sualına cavabında nə qədər bəhanə gətirsə də, aşkar görünür ki, tikinti tam başa çatandan sonra İsmət Qayıbovun adı bazadan tamamən götürüləcək. Artıq klub günorta saatlarından etibarən idman ocağını KİV-ə “Türk Hava Yolları futbol mərkəzi” kimi təqdim etməyə başlayıb.

Qəribədir, nəyə görə məhz bu idman qurğusu? Başqası mümkün deyildimi? Axı İsmət Qayıbov layiqli vətəndaş, vətənpərvər və şəhid olub. “Neftçi”nin prezidentinə xatırlatmaq istəyirəm ki, Azərbaycanın ilk baş prokuroru Qarabağ döyüşlərində də qətiyyət göstərib. Bu üzdən onun igidliyi Moskvadakıları həmişə narahat edib. O da əksər qəhrəmanlarımız kimi hiylə və xəyanətin qurbanı olub: 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında bir sıra digər dövlət xadimi ilə bigə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində dünyasını dəyişib. Məzarı Şəhidlər Xiyabanındadır, Fəxri Xiyabanda isə adına xatirə lövhəsi var.
Ümümmilli lider Heydər Əliyevdən bir nümunə gətirmək istəyirəm. Müstəqilliyimizdə prezidentliyinin ilk illərində Böyük Britaniya şirkəti “Naxçıvan” mehmanxanasını 99 illiyə almışdı. Onu təmir edərək adını “Hayatt Reycens” qomuşdu. Açılışda mərhum ölkə ölkə başçısı özü də iştirak etdi. AzTV geniş süjet hazırlamışdı. Ümümmilli liderə söyləniləndə ki, otelin adı dəyişdirilib, dərhal buna qarşı çıxdı. Mehmanxanaya “Naxçıvan” adının SSRİ dövründə özünün verdiyini qeyd etdi. Bundan sonra əcnəbi iş adamları vəziyyəti anladılar. Bildilər ki, Azərbaycanın hər bir məkanı Heydər Əliyevə doğmadır, dəyərlidir; oteli “Naxçıvan-Hayatt Reycens” adlandırdılar.

Sözü gedən qurğu “Neftçi İdman Klubu” İctimai Birliyinin nəzdindədir. Bu infrastruktur həmişə flaqmana doğma olub. Komanda Tofiq Bəhramov adına Respublika stadionunu tərk etdikdən sonra, ev oyunlarını burada keçirib. Paytaxtlılar öncə stadion kimi fəaliyyət göstərən “İsmət Qayıbov”da neçə-neçə parlaq qələbə qazanıb, çempionluq sevincinə qovuşub. Maraqlıdır, “Neftçi”nin prezidenti Kamran Quliyev şəhidlərə belə hörmət edirmi? Aydın məsələdir ki, milli dəyərlərə qarşı çıxmaq ona yaxın dostu, AFFA baş katibi Elxan Məmmədovdan keçib. O, himnimizin uzun olmasını əsas gətirərək, yığma komandalarımızın görüşündə səslənmənin ixtisarını tətbiq edib. Halbuki bizdən də uzun oxunan himnlər var və həmin ölkələrin heç də hamısı buna getməyiblər. Olmazmı, yaxşıdan numünə götürülsün? Açığı, bayraqdarın “Türk Hava Yolları” arasında anlaşma ilə bağlı neftchipfk.com-da gedən yazıda “brend əməkdaşlıq” və “pilot layihə” ifadələri bizi bir anlıq “Boz evə” aparır. Çünki bu sözləri tədbirlərdə futbolumuzun sədri-əzəmi işlətməyi sevir. Necə olsa da, “Neftçi”nin prezidenti Elxan Məmmədov uğurlu kadrıdır.
Yaxşıdan numünədən söz düşmüşkən, İspaniyanın Bilbao “Atletik”i klubun adına, dəyərlərə böyük önəm verir. Basklar futbol köynəyinin üzərində reklamdan böyük gəlir əldə edə bilərlər. Amma komandanın sahibləri həmişə təkliflərdən istina edirlər. Dünənə qədər “Barselona” da həmin siyasəti yürüdürdü. Düdzür, “narıncılar” indi Qətər aviaşirkətinin loqosunu futbol geyiminin üzərində gəzdirilər. Amma bu əməkdaşlıq daha çox sosialyönlüdür.

Belə görünür, “Neftçi”nin indiki rəhbərliyi ucuz vasitələrə girişib. Keçmiş baş məşqçi Tərlan Əhmədovun dönəmində alınan və ilin sonunadək müqavilələri olan Lukas Qomeslə Mayk Kampazdan asan yolla qurtulmaq üçün, rəhbərlik aşağı hərəkətlər etdi: onları baza buraxmadı, maaşlarını və ev kirayə pullarını ödəmədi. Üstəlik, hər ikisini əvəzedici heyətə göndərdi. Adını qoydu ki, indiki məşqçilər heyətinin tələblərinə cavab vermirlər. Əgər elədirsə, anlaşmayə əsasən yerdə qalan məvaciblərini verin, qaydalar çərçivəsinldə yola salın. Daha bezdirmək və min bir bəhanə gətirmək 81 yaşlı kluba yaraşarmı? Adı 2-ci çəkilən futbolçu psixoloji təzyiqə tab gətirməyərək, sonda qarşı tərəfin istəyi ilə razılaşıb. Amma Lukas Qomes axıradək dirənmək, maaşını müqavilədə göstərildiyi kimi son qəpiyinədək almaq niyyətindədir. Ümümən, bu komandada indiki durum yeknəsəqlikdən başqa bir şey deyil. Əgər “Neftçi”də müşahidə şurası və onun rəhbəri (Çingiz İsmayılov) varsa, onda icra orqanı – prezident və vitse-prezidentə nə gərək var? Onsuz da MŞ böyük səlahiyyətə malikdir. Bəllidir ki, mövcud “ağ-qaralar” sayəsində, futbolumuz hələ çox “ağ-qara” görəcək.

Kamran HACI

Həmin kateqoriyadan